Azərbaycanda qadın bank müştərilərinin sayı açıqlanıb

Bu ilin yanvar ayının 31-ə olan göstəriciyə əsasən Azərbaycanda bank müştərilərinin 20%-ni qadınlar təşkil edir.
 
Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva deyib.
 
Onun sözlərinə görə, bank olmayan kredit təşkilatlarının müştərilərinin 25%-i qadınlardır: “Biz banklardan bu ilin yanvar ayına olan hesabatı istəmişik. Qadınlar arasında kredit götürənlərdən yalnız 15%-i kreditin ödənilməsini gecikdirir. Kişilər arasnda bu göstərici 30-31%-dir. Qadınlar çalışırlar ki, borclarını tez qaytarsın və qısa zamanda kredit xidmətlərini minimum dərəcədə saxlasınlar. Dollarda krediti olan qadınlar bu krediti daha tez bağlamağa və ya manata çevirməyə cəhd edir”.
 
J.Hacıyeva əlavə edib ki, Azərbaycanda qadın sahibkarların sayı qənaətbəxşdir. Belə ki, Avropada da sahibkarlar arasında qadınların sayı 30%-ə çatıb. Assosiasiya rəsmisi bildirib ki, Azərbaycanda mikromaliyyə sahəsində çalışanların 23%-ni qadınlar təşkil edir.(apa)

Google+ WhatsApp ok.ru