Azərbaycanda növbəti bahalanma dalğası

Azərbaycanda növbəti bahalanma dalğası

Son vaxtlar manatın dollar qarşısında dəyərini itirməsi dərhal istehlak məhsullarının qiymətinə təsir göstərib. Bir çox məhsulların qiyməti bahalaşıb.
 
Onsuz da mövsümlə əlaqədar əhalinin daha çox ehtiyacı olan məhsullarda bahalanma baş verirdi. Bu prosesin qabarıqlığını “kasıbların ayı” olan yay aylarında, bəzi hallarda isə idxal məhsullarının hesabına ört-basdır etmək olurdu. Lakin məlum böhran hadisələrindən dolayı, bahalanma ən son həddə doğru yüksəlir.
 
Yay aylarında meyvə-tərəvəzlə birtəhər dolanışığını başa vuran insanlar üzü payıza vəziyyətin necə olacağından narahatdılar. Üzü qışa, ilin sonuna kənd təsərrüfatı məhsullarının bahalaşma səviyyəsinin necə olacağı da  əhalinin hazırda həssaslıqla gözlədiyi məqamlardandır.
 
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, manatın dəyərdən düşməsi tendensiyası hələ də davam edir. Eyni zamanda, əhalinin alıcılıq qabiliyyəti də ciddi şəkildə azalıb. Dolların məzənnəsinin yüksəlməsi, manatın dəyərdən düşməsi isə idxal məhsullarının qiymətini bundan sonra da xeyli artıracaq: “Ərzaq məhsullarının qiyməti artacaq. Ümumilikdə isə, artım tendensiyası davam edəcək. Bu tendensiya Qurban bayramı,  yeni il ərəfəsində çox ciddi şəkildə özünü göstərəcək. Qurban bayramı ərəfəsində ətin qiymətinin artması daha çox hiss olunacaq. Sonrakı dövrdə də bahalanmanın qalması mümkündür. Bir sözlə, qiymət artımı mütləq şəkildə baş verəcək”.(azadliq.info)
 

Google+ WhatsApp ok.ru