Azərbaycanda benzinin qiyməti arta bilərmi?

Azərbaycanda benzinin qiyməti arta bilərmi?

 
İlham Şaban: “SOCAR-ın prezidentinin bu açıqlamasını benzinin bahalaşacağının anonsu kimi qiymətləndirmək doğru deyil”
 
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycanda benzin çox ucuzdur” açıqlaması cəmiyyətdə narahatlıq yaradıb. O qeyd edib ki, Azərbaycana benzin idxalı artıq dayandırılıb. Ölkədə benzinin qiyməti çox aşağıdır. Vergiləri götürsələr də, heç kim bura benzin gətirməyəcək.
 
Çünki benzinin qiyməti o qədər aşağıdır ki, xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir: “Zavodlar təmirə bağlanan vaxt SOCAR müəyyən çatışmazlıqların olmasından ehtiyat edib. Buna görə də biz hökumətdən xahiş etdik və 30 min tona yaxın benzin gətirdik. Bu, bizə zərərlə başa gəldi. Amma ölkədəki benzinə olan tələbatı tam ödədik. Əhali bunu hiss etmədi. Benzinin idxalına olan vergilərin götürülməsinə baxmayaraq, bu, bizə bir neçə milyon manat ziyan vurub”.
 
SOCAR prezidentinin bu açıqlamasını benzinin qiymətinin artacağına dair anons kimi dəyərləndirənlər də var.
 
Neft Araşdırmalar Mərkəzinin İlham Şaban “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirdi ki, SOCAR-ın prezidentinin bu açıqlamasını benzinin bahalaşacağının anonsu kimi qiymətləndirmək doğru deyil: “Rövnəq Abdullayevə jurnalist sual verib və o da bildirib ki, Aİ 92 markalı benzinin ölkəyə idxalı dayandırılıb. Benzinin idxalına qoyulan aksiz vergisinin və gömrük rüsumunun müvəqqəti ləğvi ilə bağlı qərar verilsə də, yenə də idxal baha başa gəldi. SOCAR-a bu milyonlarla manat ziyana başa gəlib. Çünki idxal olunan benzinin qiyməti Azərbaycandakı satış qiymətindən iki dəfə baha idi. Xaricdən idxal olunan requlyar markalı benzin Azərbaycandakı satışdan iki dəfə baha başa gəlir. Bu mənada 30 min ton idxaldan sonra benzinin idxalını dayandırıblar. Aİ 92 markalı benzinin idxalının səbəbi isə Heydər Əliyev adına Neft Emalı Zavodunun təmirə bağlanması, orada modernizasiya işlərinin aparılması idi.
 
Hökumət həmin təmir müddətində daxili bazarda benzin qıtlığının yaranmasından ehtiyat edirdi. Bu problemin aradan qaldırılması üçün Nazirlər Kabinetindən xahiş etmişdilər ki, belə bir addım atılsın. Oktyabr ayının 15-ə qədər bu qərar qüvvədə olmalı idi. Ancaq artıq sentyabrın 13-də zavod işə düşdü. Aİ 92 markalı benzinin yenidən istehsalına başlanıldı. Şirkət də onun xaricdən idxalını dayandırdı. Ona görə də, mən hesab etmirəm ki, yanacağın qiymətinin artırılması ilə bağlı anonsdur, qiymət artımını gündəmə gətirməkdir. Çünki daxili bazarda benzinin qiymətini xarici bazara görə dəyişmir”.
 
Ekspert həmçinin vurğuladı ki, hazırda benzinin bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur: “Bu əsas o zaman olacaq ki, hökumət gələn il qeyri-neft sektoru hesabına büdcəni doldura bilməsə, problemlərlə qarşılaşsa, o zaman Sovetlər Birliyində olduğu kimi yanacağın qiymətini qaldıra bilər.
 
Sovetlər Birliyində belə bir ənənə var idi ki, əgər neftdən və qazdan gələn gəlirlər hökuməti qane etmirdisə, onda ya arağın qiymətini qaldırırdılar, ya da yanacağın. Bununla da faktiki olaraq məsələni həll edirdilər. Hazırda ölkədə araq istehlakı məhduddur, ən yaxşı gəlir mənbəyi isə yanacaq bazarıdır. O baxımdan hökumət büdcəni doldurmaq məqsədilə yanacağın bahalaşmasına əl ata bilər. Ancaq hələ bilinmir ki, gələn il neftin qiyməti, qeyri-neft sektorunun vəziyyəti və ölkənin ondan faydalanmaq imkanları necə olacaq".
 
İlham Şabanın sözlərinə görə, əgər benzin bahalaşarsa, bu bütün məhsulların bahalaşmasına gətirib çıxaracaq: “Bu mübahisə obyekti deyil. Benzin strateji məhsuldur və onun bahalaşması multiplikator effekti ilə təsir edir. Bütün mal və xidmətlərin maya dəyərində benzinin qiyməti rol oynayır”. (musavat) /

Google+ WhatsApp ok.ru