Azərbaycandan keçən TIR-lərın sayı 3 dəfə artıb

Azərbaycandan keçən TIR-lərın sayı 3 dəfə artıb

Azərbaycan ərazisi ilə yük daşıyan iri yük avtomobillərinin - TIR-lərın sayı 3,2 dəfə artıb. Daşınan yüklərin əksəriyyəti Qazaxıstan və Türkmənistana gedir. Verilən məlumatına görə, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin (Bakı Limanı) bu ilin 9 ayı üzrə hesabatında bildirilir. Hesabata görə, 9 ayda Bakı Limanının bütün xidmətlərində artım baş verib. Ən böyük artım iri həcmli nəqliyyat vasitələrində (TIR), o cümlədən qoşqu və digər avtotexnikanın daşınması üzrə qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3,2 dəfə artıb və əksər hallarda yükün son ünvanı Qazaxıstan və Türkmənistan olub.
 
Limandan keçən ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 41% artaraq 3.25 milyon tona çatıb. Yükaşırmanın 86,8%-i tranzit yükaşırmanın payına düşüb. Yük dövriyyəsinin artması ilə gəmi yanalmalarının sayı da 82% artıb.
Son doqquz ayda Bakı Limanından 16255 ədəd iri həcmli nəqliyyat vasitələri və digər avtotexnikanın aşırılıb. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 11110 ədəd və ya təqribən 3 dəfə artıb. Bunların 9323 ədədi (57,4%) Bakı-Aktau-Bakı istiqamətində, 6932 ədədi (42,6%)  isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.
 
2015-ci ilin doqquz ayı ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 73% artaraq 13859 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 79.8% artaraq 1.24 milyon ton olub. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 13% artaraq 25582 ədədə çatıb. Bunlardan 7240 vaqon (28%) Bakı-Aktau-Bakı istiqamətində, 18342 (72%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişin daşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 17011 nəfər olub.
 
Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2016-ci ilin son doqquz ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 324 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və tikinti malların idxalının payına düşüb. (fins.az) /

Google+ WhatsApp ok.ru