Azərbaycanda banklar soyğunçuya çevriliblər

Azərbaycanda banklar soyğunçuya çevriliblər

Azərbaycan əhalisinin mütləq əksəriyyəti ehtiyac səbəbindən banklardan asılı vəziyyətə düşüb. Elə ailələr var ki, eyni zamanda bir neçə banka kredit ödəmək məcburiyyətindədir. Lakin, tələbin yüksək olmasına baxmayaraq, bank sektorunda təklif meyarları dəyişməz olaraq qalır. Demək olar ki, banklar ən mədəni şəkildə müştərilərin cibinə girməklə məşğuldur. Yüksək faiz dərəcələri, həmçinin komissiya haqları kredit götürənləri müflis edir. Banklara qarşı artıq cəmiyyətimizin inam hissləri ölüb. Hazırda bank adı gələndə sadə vətəndaşların, insanların ağlına yalnız bu iki şey gəlir: bizim nəyimiz var soyacaqlar və krediti gecikdirən kimi isə hədələyəcəklər.
 
Banklar niyə soyğuçuluq edirlər?
Maliyyə sahəsi üzrə ekspert, IJS Hüquq Firmasinin direktoru Əkrəm Həsənov Modern.az-a açıqlamasında bu məsələdən danışıb.
Əkrəm Həsənov deyib ki, bəzi bank sahibləri və idarəçiləri bankdakı olan vəsaitlərdən özləri və yaxınları üçün sərfəli şərtlərlə kreditlər veriblər.
“Bu kreditlər uzunmüddətli, girovsuz, aşağı faiz dərəcəsi və s. ilə olub. Faktiki olaraq bank sahibləri və idarəçiləri həmin vəsaitləri mənimsəyiblər. Bankda olan pullar bank sahibinin pulu deyil. Bu pullar həmin banka əmanət etmiş müştərilərindir. Amma bank rəhbərləri və idarəçiləri oğurladıqlarını ört-basdır etmək üçün ba.qa varianta əl atıblar. Onlar əhaliyə, sahibkarlara və digər şəxslərə yuxarı faiz dərəcəsi ilə, həm də dollarla, eləcə də başqa ağır şərtlərlə kreditlər verirlər. Bax soyğunçuluq budur. Onlar insanları aldatmaqla məşğul olublar. Öz qazanclarını və oğurladıqlarını ört-basdır etmək üçün bu əməlləri ediblər”.
Ekspert bildirib ki, bu proses Azərbaycanda həmişə olub.
“İnsanlar isə bunu milli valyutanın devalvasiyasından sonra anladılar. Çünki insanlar əksər hallarda bisavad və dözümlüdür. Uzun illər boyunca banklar insanların başına oyun açıblar. Devalvasiyadan sonra bankların iç üzləri ortaya çıxdı. Bunun nəticəsi də o oldu ki, ölkədə 11 bank bağlandı”.
 
Əkrəm Həsənov Mərkəzi Bankı kommersiya banklarının qanun pozuntularına göz yummaqda ittiham edib.
 
Ekspert bildirib ki, vətəndaşlar bankın kreditini ödəyib bitirdikdən sonra ödəniş qəbzlərini atmasınlar.
“Çünki bankın 3 il ərzində məhkəməyə müraciət etməyə ixtiyarı var. Yəni banklarımızda oturan oğrular da bilirlər ki, əksər hallarda vətəndaşlar borcu bağladıqdan sonra qəbzləri atırlar. Bank vətəndaşı məhkəməyə verdikdən sonra isə vətəndaş sübut edə bilmiyəcək ki, həmin borcu bağlayıb. Ona görə də mən məsləhət görərdim ki, vətəndaşlar kredit müqaviləsi bitdikdən 3 il sonra bütün sənədləri saxlasınlar”.
 

Google+ WhatsApp ok.ru