Azərbaycanın hər üç vətəndaşından biri banklara borcludur

Azərbaycanın hər üç vətəndaşından biri banklara borcludur

 
«Exo» qəzetində «Azərbaycanın hər üç vətəndaşından biri banklara borcludur» sərlövhəli məqalə diqqət çəkir.
 
Ekspert Əkrəm Həsənov bu mövzunu qəzetə belə şərh edib: «Hazırda Azərbaycanda 2.5 milyon nəfərə yaxın adam banklara borcludur. Ölkədə yaşayanların, az qala, hər üçündən birinin banklara borcu var. Çoxları əvvəlcə bir bankdan kredit götürüblər. Sonra başqa bir bankdan köhnə borcları bağlamaqdan ötrü kredit götürüblər və bu, devalvasiyaya qədər belə davam edib».
 
Ə.Həsənov deyib ki, başçılıq etdiyi hüquq firmasına elə şəxslər müraciət edirlər ki, onların 10 banka borcu var. Onun bildirməsinə görə, adətən belə şəxslər ancaq faizləri ödəyə bilir. Borcun məbləği o qədər də dəyişmir. Belə olan halda problemli kreditləri azaltmaq müşkülə çevrilir.
 
Ə.Həsənov vurğulayıb ki, çoxları təkcə banklara yox, lombardlara və ticarət şəbəkələrinə də borcludur.
 
Digər ekspert Nəriman Ağayev də deyib ki, Azərbaycanda bir çox ailələrin iki və daha çox banka krediti var: «Azərbaycan xalqı banklardan təkcə pul götürmür, habelə kreditə telefon, mebel, avtomobil, ipoteka ilə mənzil alır. Vətəndaşlar faktiki kreditlərlə yükləniblər və müxtəlif reklam çarxları insanları banklar önündə daha çox borca batmağı stimullaşdırır».
 

Google+ WhatsApp ok.ru