Azərbaycan qazı xaricə öz vətəndaşlarından ucuz satır?

Azərbaycan qazı xaricə öz vətəndaşlarından ucuz satır?

Gömrük Komitəsi bu ilin yanvar ayı üçün ölkənin xarici ticarət vəziyyətini açıqlayıb. Məlum olub ki, bu müddət ərzində xaricə qaz satışı 7 dəfə artıb.
 
İxrac olunan qazın həcmində artım müşahidə edilir. Belə ki, bu ilin yanvarında 26 988.55 min dollar müqabilində 209 079.77 min kub metr təbii qaz ixrac edilibsə, keçən il bu vaxt ixracın həcmi 31 152.68 min kub metr, statistik dəyəri isə 1 753.90 min dollar olub. Bu isə o deməkdir ki, xaricə qaz satışı 7 dəfəyə yaxın artıb. Xaricə satılan qazın kub metri 13 sentə yaxındır. Bizdə əhali qrupu limitdən artıq işlətdiyi qaza görə 20 qəpik ödəməlidir. Verilən rəqəmlərə güvənsək, keçən ilin eyni dövründə xaricə satılan təbii qazın kub metri 6 sentə yaxın olub. Bizə isə o vaxt 10 qəpikdən satılırdı.
 
Həmçinin Gömrük Komitəsinin məlumatına görə, xaricə elektrik enerjisi satışı da 3 dəfə çoxalıb. Göndərilən elektrik enerjisinin həcmi 27 530.83 min kVt/saat, dəyəri isə 1 383.08 min dollar olub. 1 kVt/saat cəmi 5 sentdən düşür. Qeyd edək ki, əhaliyə elektrik enerjisi dekabr ayından etibarən 11 qəpikdən, qeyri-əhali qrupuna 9 qəpikdən satılır. Keçən ilin müvafiq dövründə ixrac olunan 9 196.00 min kVt/saat elektrik enerjisinin statistik dəyəri 392.83 min dollar idi. Verilən elektrik enerjisinin də həcmi 3 dəfə artıb. Hər kVt/saat 4 sentdən hesablanıb. Yerli əhali qrupu üzrə qiymət bahalaşması 4 qəpik olub, xarici ölkələrə isə cəmi 1 sent.
 
Xaricə satılan qazın daxildə vətəndaşlara paylanılan qazdan ucuz olmasını izah edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, bu rəqəmlər xaricə real satış qiymətini əks etdirmir: “Gömrük Komitəsinin yaydığı rəqəmlərdə deklarasiya edilmiş bir qiymət var. Deklarasiya edilmiş qiymət reallığı əks etdirmir. Çünki deklarasiya edilmiş qiymət həcmə bərabər olmalıdır. Əgər həcmə bərabər olmasa, deməli, hansısa bir hissəsinin qiymətidir. Gömrük Komitəsi heç zaman ”Şahdəniz" yatağından çıxarılan, istər Gürcüstan bazarında satılan təxminən 700 milyon kubmetr qazı, istərsə də digər bazarda satılan 6 milyard kubmetr qazın gömrük bəyannaməsini etmir. İkincisi, ancaq Dövlət Neft Şirkətinin Gürcüstan bazarına ixrac etdiyi qazın bir hissəsini deklarasiya olunmuş şəkildə bəyan edir. Bunun nəticəsində də qiymət 130 dollara çıxır. Lakin bu real qiymət deyil. Reallıq odur ki, xaricə satılan Azərbaycan qazının qiyməti təqribən 150 dollar ətrafındadır. Deməli, bunu manata çevirək. 2016-cı il üzrə dolların məzənnəsi orta hesabla 1.61 manat olub. Mən isə 1.45-lə hesablayıram, 243 manat edir. 243 manatla 120 manatı eyniləşdirmək isə doğru deyil. Kommersiya qurumlarını götürsək, yenə də ondan az edir".
 
İqtisadçının sözlərinə görə, Rusiya və digər ixracatçı ölkələrdə daxili bazarda satılan qazın qiyməti ilə xaricə ixrac olunan qazın qiyməti bərabərləşdirilməyə doğru gedir: “Digər bir məsələ odur ki, biz enerji ölkəsiyik, xaricə qaz ixrac edirik, ancaq bizdə enerjinin qiyməti daha ucuzdur. Rusiyada isə şirkətlər hökumət qarşısında tələb qoyublar ki, ”Qazprom"un daxili bazarda satdığı qaz tədricən xarici qazın qiymətinə yaxınlaşdırılsın. Bunun səbəbi isə odur ki, dünya bazarında qiymətlər kəskin düşərsə, şirkətin maliyyə vəziyyətinə və investisiya imkanlarına şok effekti verməsin. Çünki şirkət daxildə daha çox qaz realizə edir. Üçüncü bir tərəfdən də daxildəki istehlakçıları ona öyrədir ki, istənilən halda qiymətin baha olması onların qazdan qənaətlə və daha effektiv istifadə etməsinə gətirib çıxara bilər. Həm əhali qrupu, həm də biznes qurumları qənaətlə işləyər".
 
Ekspertin sözlərinə görə, Azərbaycanda qazın qiymətindən dolayı baş verən bahalaşma ədalətli deyil: “2017-ci ilin əvvəlində bizim ixrac qiymətləri ilə daxildə tətbiq olunan qiymətlər yaxınlaşdı. Çünki xarici bazarda qiymətlər dünyadakı enerji bolluğu və onun professional işləməsi ucbatından qiymətlər aşağıdır. Bu təkcə Azərbaycanın problemi deyil. Qiymətlər aşağı olduğu üçün uzun onilliklər ərzində qazdan qeyri-rasional istifadə edilib, öz təsərrüfatlarını da buna uyğun qurmayıblar. Ümumiyyətlə, əgər siz Azərbaycanın dövlət qurumlarında, kommersiya qurumlarında sorğu keçirsəniz, onlar enerjinin hər hansı məhsulun maya dəyərində nə qədər yer tutduğunu bilmirlər. Ona görə də bizdə yanacağın qiyməti 5 qəpik qalxanda, göyərtinin qiyməti 10 qəpikdən 20 qəpiyə qalxır. Ancaq heç kim mahiyyətinə varmır ki, hə, hansı mal və xidmətin maya dəyərində enerjidaşıyıcısının payı 5-10 faizdir. Ona görə də qiyməti 1-2 qəpik artırmaq olar, 10 qəpik yox”.
 
İ.Şabanın sözlərinə görə, qazın qiymətindən daha aktual məsələ ödənilən pulun müqabilində xidmətin keyfiyyətinin aşağı olmasıdır: “Başqa bir məsələ isə odur ki, tarifin nə olmasından asılı olmayaraq bütün abonentlər ”Azəriqaz"a borcunu ödəyir. Ancaq onlar buna uyğun şəkildə fasiləsiz şəkildə qaz verilişini təmin edirlərmi? Qazın təzyiqi normal olurmu? Təəssüflər olsun ki, biz nə təbii qazın , nə də elektrik enerjisinin verilişi ilə bağlı bunu deyə bilmirik". (musavat) /

Google+ WhatsApp ok.ru