Bakıda Azərbaycan və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin forumu keçiriləcək

Bakıda Azərbaycan və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin forumu keçiriləcək

Bu ilin birinci yarısında Azərbaycan və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələri arasında Bakı şəhərində strateji və iqtisadi forumun keçirilməsi nəzərdə tutulur.
 
XİN-in mətbuat xidmətindən Maide.Az-a verilən məlumata görə, məqsəd iqtisadiyyat, ticarət, sərmayələr, enerji, turizm, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, mədəniyyət və idman kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə layihələrin müəyyən edilməsi və biznes dairələri arasında birbaşa təmasların təşviq edilməsidir.
 
Tədbirdə Azərbaycan və  Fars Körfəzi Əməkdaşlıq Şurasına  üzv dövlətlərinin yüksək vəzifəli rəsmiləri, müvafiq olaraq xarici işlər, iqtisadiyyat, ticarət və sənaye nazirlikləri, ticarət palataları, iş adamları, özəl şirkətləri, suveren fondları və maliyyə-investisiya korporasiyalarının nümayəndələrinin geniş tərkibdə iştirakı nəzərdə tutulur. Forumun təşkili ilə əlaqədar məsələlərin müzakirəsi məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti 2016-cı ilin dekabrında Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin Ər-Riyadda yerləşən mənzil-qərargahına səfər edib və görüşlər keçirib.
 
Məlumatda qeyd olunur ki, Azərbaycan və Fars Körfəzi Əməkdaşlıq Şurasına  üzv ölkələri arasında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan strateji və iqtisadi forum hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. /

Google+ WhatsApp ok.ru