Bankların xaos ssenarisi

Müştərilərdən kredit borclarını manatdan dollara çevirmək tələb olunur, etiraz edənlər «Bandotdel»lə hədələnirlər

Fevral ayında baş verən devalvasiya bank sektorunda ciddi təlatüm yaratdı. Əhali uzun müddət manat zəlzələsindən nə edəcəyini bilmədi. Bankların öz maraqlarını təmin etmək üçün atdığı addımlar insanların (oxu:müştərilərin) vəziyyətini daha da çətinləşdirdi. Ancaq “ən pis qərar qərarsızlıqdan yaxşıdır” prinsipi ilə hərəkət edənlər üçün Konstitusiya Məhkəməsinin qərarı həlledici oldu. Ən azından qeyri-müəyyənlik ortadan qalxdı.
 
Həmin qərara görə, aşağıdakılar bəlli oldu:
- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir.
- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur.
- Əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin.
 
Bu üç müddəa göstərdi ki, banklar əhalinin maraqlarını nəzərə almalı, güzəştlər tətbiq etməli və kredit borcları müqavilədə göstərildiyi şəkildə ödənilməlidir. Krediti dollarla götürənlər bu məsələdə itirsələr də, “şəriətin kəsdiyi barmaq acımaz” prinsipi ilə hamı bu qərara tabe oldu. Təsəlliləri bu oldu ki, “xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilib”.
 
Manat devalvasiyasının əsas zərərçəkəni olan müştərilər vəziyyətdən çıxış yolu axtararkən, banklardan daha bir zərbə gördülər. Belə ki, statistik məlumata görə, son dövrlərdə pullarını manatdan dollara çevirənlər qədər kreditlərini də dollarla ödəmək istəyənlər artmış. Birinci anlaşılan olsa da, ikinci şübhəlidir. Madam ki, manatın dolları keçə biləcəyini düşünmürlər, o zaman niyə borc manatdan dollara keçsin? Bu barədə apardığımız araşdırma zamanı bəlli oldu ki, ölkənin bir çox bankı öz müştərilərinə ciddi şəkildə sıxıntı yaşadır.
 
“Beynəlxalq”, “Parabank”, “XalqBank”, “TexnikaBank” və digər banklar müştərilərini manat borcunu bağlayaraq, dollara keçmələrini istəyirlər.
 
Bu məsələdə “Xalq Bank”ın müştərilərinə qarşı daha ciddi təzyiq göstərdiyi də qeyd olunur. Bildirilir ki, “Xalq Bank”ın departament və şöbə müdirləri biznes və istehlak krediti götürmüş müştərilərini çağıraraq, manat borcunu bağlayaraq, dollar krediti götürmələrini tələb edirlər. Bunun “yuxarının əmri” olduğunu bildirərək, etiraz edilməsinin fayda verməyəcəyini bildirirlər. Hətta Avropa Oyunları üçün “iş gördüklərini” vurğulayaraq, oyunlardan sonra ölkədə manatla bağlı vəziyyətin pisləşəcəyindən bəhs edirlər.
 
Maraqlıdır ki, gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının büdcəsinin şəffaf olduğunu bildirib. Eyni zamanda sponsorlar da açıqlanıb ki, bunlar arasında “Xalq Bank”ın adı yoxdur. O zaman hansı “iş”dən danışılır? Tutalım iş görülübsə də, bunun 2-3 min manat və ya milyonluq borcu olan müştəriyə nə dəxli var? Nə zamandan dövlət tədbirində iştirak şantaj vasitəsi kimi istifadə olunur?
 
Üstəlik, fəlakət dəllalığı edərək, “Avropa Oyunlarından sonra ölkədə xaos olacaq, manat təmiz dəyərdən düşəcək” demək irili-xırdalı iş adamlarını
 
Azərbaycana sərmayə qoymaqdan çəkindirmək deyilmi?
 
Bu suallar cavabını gözləsə də, dəqiq bildiyimiz məqam ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi “kredit borcları müqavilədə göstərildiyi şəkildə ödənilməlidir” şəklində qərar verib. Üstəlik, kredit şərtlərinin yumşaldılmasını məqsədəuyğun hesab edib.  Belə olan təqdirdə, müştərilərin bu şəkildə sıxışdırılması Konstitusiya Məhkəməsini tanımamaq və dövlətə qarşı çıxmaqdır. “Xalq Bank” da məhz bu yolu tutub.  
 
Araşdırma zamanı o da bəlli oldu ki, banklar (təəssüf ki, bu məsələdə də “Xalq Bank” “favorit”dir) müştəriləri “dollar tələsi”nə salmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Belə ki, cəmi bir neçə gün gecikmə olduğu zaman kredit müqaviləsinin ləğvi ilə hədələnən müştərilər həm də “Bandotdel”ə aparılacaqları ilə qorxudulur. Bildirilir ki,  ödəməniz bir neçə gün geçikdiyi təqdirdə, müqavilə ləğv olunacaq və bank tərəfindən ödənilən məbləğin hamısı geri istəniləcək. Bunun mümkünsüzlüyünü dilə gətirənlərə isə may ayında yaşanan “milyonerlərin həbsi” nümunə göstərilir. Açıq şəkildə bildirilir ki, biz istəsək, bir gündə sizin bütün sərvətinizi ələ keçirə bilərik.(Azadlıq)

Google+ WhatsApp ok.ru