Bankomatlar təqaüdçülərin baş bəlasına çevrilib

 Azərbaycan bankları quraşdırdıqları bankomatların sayını azaldır. Maide.az  azadlıq.info-ya istinadən xəbər verir ki,bu barədə Mərkəzi Bank xəbər verib. Qurumun açıqladığı statistikaya görə, bu ilin fevralın yekununda Azərbaycanda 2562 bankomat olub. Bu, yanvarın yekunu ilə müqayisədə 9 ədəd azdır. Götürülmüş bankomatların hamısı regionlarda quraşdırılanlardır. Son 1 ildə isə bankomatların sayı 60 ədəd azalıb. Bunun 53-ü Bakının, 7-si isə regionların payına düşüb. Yəni ötən ilin fevralından bəri banklar Bakıdakı bankomatlarının sayını daha çox azaldıblar.
 
Bankomata qoymağa pul yoxdur
 
Bank sahəsi üzrə mütəxəssis Rauf Ağayev hesab edir ki, bankomatların sayının azalması bankların həmin qurğularda yerləşdirməyə pul tapmaması ilə bağlıdır:
“Azərbaycanda manat kütləsi azalıb, indi banklara əvvəlki kimi bankomatlarda çoxlu pul saxlamaq sərf etmir. Bank sektorunda aktivlik zəifdir, ora qoyulmuş pul aylarla qala bilər, bu isə həmin vəsaitin dövriyyədə olmaması deməkdir. Məzənnə riski də var. Odur ki, banklar bankomatları götürürlər”.
 
Onun sözlərinə görə, 1 bankomatda 4 kasset olur. Hər kassetə isə 2 min əskinas yerləşdirilir: “İndi təsəvvür edir ki, hər kassetdə 2 min 100-lük əskinas, 2 min 50-lik əskinas olsa, bu elə 300 min manat deməkdir. Bu puldan istifadə olunmayacaqsa, bank onu niyə bankomatda saxlasın?”
 
Bankomatın xərci borcunu ödəmir
 
Bankomatların götürülməsi həm də onun saxlanmasına çəkilən xərclərlə bağlıdır. Rauf Ağayev deyir ki, elektrik və rabitə xərcləri bir yana, banklar bankomatların quraşdırıldığı yerlərə görə aylıq icarə haqqı da ödəməyə məcburdurlar:
 
“İstiqamətdən asılı olaraq banklar götürdükləri yerə görə icarə pulu verirlər. Şəhərin mərkəzində hansısa mağazadan bankomat üçün yer alıblarsa, onun aylıq xərci 1000-1500 manata qədər ola bilər. Kənar ərazilərdə, Bakının kəndlərində isə azı 100-200 manat ödəmək lazım gəlir. Bank hesablayır, əgər bir bankomat ona bu gəliri gətirmirsə, həmin bankomatı saxlamaq lazım deyil”.
 
Bankomatın qarşısındakı izdiham mağaza sahibini narazı salır
 
Bəzən isə bankomatlar mağaza sahiblərinin istəyi ilə götürülür: “Maaş-pensiya verilən ərəfədə bankomatların qarşısında saatlarla izdiham olur. Bu isə onun yerləşdiyi mağazanın sahibinə sərf etmir. Yəni alış-verişə mane olur, mağazaya girmək istəyən insanlar qələbəliyi görüb fikirlərindən daşınırlar. Ona görə də bəzən elə obyekt sahibləri özləri banka deyirlər ki, bankomatı götürsün. Icarə haqqından da imtina edirlər”- deyə Rauf Ağayev bildirib (“Bizim Yol”).
 
Bankomatların xüsusilə regionlardan yığışdırılması təqaüdçilər üçün problem yaradır. Ucqar kəndlərdən rayon mərkəzinə gəlməli olan təqaüdçülər saatlarla növbədə dayanmağa məcbur olurlar. Eyni zamanda bankomatda bəzən pulun daha tez bitməsi yaşlı adamların bir neçə dəfə rayon mərkəzinə gedib-gəlməsinə səbəb olur. Təqaüdçülərin aldıqları vəsaitləri kart sisteminə keçirməmişdən öncə, onlar təqaüdlərini poçt şöbələrindən alırdılar. Hökumətin onların güzəranını yaxşılaşdırmaq üçün reallaşdırdığı islahat əksinə, hazırda ciddi problemlər yaradır.
 
Bəs, bankomatların yığışdırılması ilə bağlı gətirilən bəhanələr nə dərəcədə əsaslıdır.
 
İqtisadçı Qadir İbrahimli hesab edir ki, bankomatların sayı ilə bağlı məsələyə məsuliyyətlə yanaşmaq lazımdır.
 
Əgər pensiyalar bankomatlar vasitəsilə verilirsə, bu o deməkdir ki, hər bir yaşayış massivində həmin bankomatlar qoyulmalıdır: “Sadəcə olaraq bəzi qurumlar izafi xərclərə getmək istəmir. Ona görə də belə bir anormal situasiya yaranır. Əgər qərar varsa ki, pensiyalar bankomatlar vasitəsilə verilməlidir, o zaman hər bir yaşayış massivində, kənddə bu bankomatlar qoyulmalıdır. Kəndlərlə şəhər mərkəzi arasında məsafə 30-40 kilometrdir. Bu məqam da mütləq nəzərə alınmalıdır. Ona görə bankomatların sayının artırılması ilə bağlı gətirilən arqumentlər əsassızdır”.
 

Google+ WhatsApp ok.ru