Batumi terminalına həbs qoyuldu, 1800 sistern Azərbaycan nefti yolda qaldı

Tiflis Şəhər Məhkəməsi neft məhsulları daşıyıcıları olan şirkətlərin şikayəti əsasında Gürcüstanın Batumi neft terminalının əmlakına həbs qoyub.
 
Nəticədə Azərbaycandan Batumiyə daşınan 1800 sistern neft yolda qalıb. Məlumatı gürcü KİV-ləri yayıb.
 
Batumi neft terminalını və Batumi dəniz limanını 2008-ci ilin fevralından bu yana qazax şirkəti “Kaztransoil” idarə edir. O, Qazaxıstanın milli neft korporasiyası olan “Kazmunayqaz”ın törəmə şirkətidir.
 
Terminalın baş direktoru Malikə Düsembayeva bildirib ki, obyektiv səbəblərdən neft məhsullarının daşınması azalıb.
 
“İlk növbədə bizim neftimiz var idi, indi bu neft borularla axır. 2007-ci ildən başlayan böhran indi də davam edir, müvafiq olaraq istehsal və mal dövriyyəsi də azalıb. Hərçənd ki, biz işləməkdə davam edirik. Rəsmi şəxslərin istənilən bəyanatı məhkəmənin qərarına təsir göstərəcək. Biz məhkəmənin qərarını gözləyirik” - deyə Malikə Düsembayeva bildirib.
 
Daşımaçı şirkətlər isə terminalda yüklərin daşınmasının kəskin azaldığını və bunun terminal tərəfindən yaradılmış süni əngəllərlə bağlı olduğunu deyirlər. Şirkətlərin bir hissəsi terminalın rəhbərliyindən onlara dəyən ziyanın ödənilməsini tələb edir.
 
Tiflis Şəhər Məhkəməsi onların iddiasını təmin edib. Gürcüstanın İqtisadiyyat Nazirliyindən bildiriblər ki, Batumi terminalı ətrafındakı vəziyyətdən xəbərdardırlar və nəticə məlum olan kimi ictimaiyyətə açıqlanacaq.
 
Vəziyyəti aydınlaşdırmaq üçün Qazaxıstanın Gürcüstandakı səfirliyinə sorğu göndərilib.(Virtualaz)

Google+ WhatsApp ok.ru