Bir neçə bankın bağlanması yenə aktuallaşır...

Beynəlxalq Bankda 25-30 faiz ixtisar olacaq, bankın yeni strukturu və ştat vahidləri artıq təsdiqlənib...

Bir neçə gün əvvəl Beynəlxalq Bankda olacaq ixtisarlarla bağlı xəbər yenidən bank sistemindəki vəziyyətin ciddiliyini diqqətə çəkib. Beynəlxalq Bankda 25-30 faiz ixtisarların olacağı artıq rəsmi səviyyədə bildirilib. Beynəlxalq Bankdan isə "Yeni Müsavat" qəzetinin sorğusuna cavab olaraq bildirilib ki, bankın yeni strukturu və ştat vahidləri artıq təsdiqlənib.
 
Beynəlxalq Bankın mətbuat katibi Yadigar Cəfərlinin sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının həm strukturu, həm də ştat vahidləri indiki mərhələdə Bank qarşısında duran tələb və vəzifələrə uyğunlaşdırılıb:
 
"Eyni zamanda, xərclərə mümkün qədər qənaət prinsipi də vacib amillərdən biri kimi nəzərə alınıb. Bu cür optimallaşdırma tədbirləri fəaliyyətin səmərəliliyinin, faydalı iş əmsalının artırılmasına, bankda korporativ idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir. Bankda institusional inkişaf prosesləri davam etdirilir. Bu prosesdə strateji baxımdan perspektivli sayılan istiqamətlərə dəstək verildiyi kimi, az səmərəli sahələr üzrə adekvat tədbirlərin həyata keçirilməsi də istisna deyil".
 
Qeyd edək ki, bir neçə gün əvvəl maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankda ciddi ixtisarların aparılacağını bildirib. Nazir qeyd edib ki, bu addım bankda qənaət rejiminin tətbiqi ilə bağlıdır: "Bankın kollektivinin 25-30 faizi ixtisar olunacaq. Bu, qənaət rejiminin tətbiqi ilə bağlıdır". S.Şərifov bildirib ki, bankda korporativ idarəetmə da xeyli təkmilləşdiriləcək. Bundan başqa, nazir əlavə edib ki, sözügedən bankın sağlamlaşdırılması prosesi öz axarı ilə davam edir: "Bildiyiniz kimi, problemli aktivlər "Aqrarkredit" tərəfindən alınır. Bir sözlə, bankın sağlamlaşdırılması istiqamətində bütün zəruri tədbirlər görülür".
 
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının martın 18-də keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifəsindən azad edilməsi barəsində ərizəsi təmin edilib. Yay aylarında isə dövlət başçısı İlham Əliyev "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb.
 
Qeyd edək ki, ölkənin ümumilikdə bank sistemində ciddi problemlər var. Bir müddətdir davam edən problemlərin ekspertlər davamlı olacağını gözləyirlər. Ekspertlər bildirirlər ki, digər banklarda da ixtisarlar gözlənilir. Həmçinin ölkədə problemli kreditlərin həcmi artır və bu səbəbdən bank sistemi ciddi təhlükə qarşısındadır. Ekspertlər tezliklə ölkədə bankların bağlanacağının anonsunu verirlər. Ekspert Əkrəm Həsənovun sözlərinə görə, problemli kreditlərə görə birinci yerdə Beynəlxalq Bank gəlir: "Söhbət bir neçə milyarddan gedir. Yəqin ki, yaxın aylarda dəqiq rəqəmi elan edərlər. İkinci yerdə "Paşa Bank"dır - 139 milyon. Üçüncü "Bank of Baku"dur - 83 milyon. Dördüncü VTB-dir (Azərbaycan) - 54 milyon. Beşinci "Bank Respublika"dır ki, 33 milyon problemli krediti var. Digərlərində bu rəqəm 30 milyondan azdır. Amma ümumən aktivləri də azdır. Buna görə də problemli kreditlərinin həcmi onlar üçün də dəhşətli səviyyədədir". Ekspert bildirib ki, istənilən halda, gələn il bankların azı 10-15-i mütləq bağlanacaq.
 
Ekspertlər ciddi şəkildə bankların bağlanacağını proqnozlaşdırırlar. Həmçinin bildirilir ki, yaxın gələcəkdə bank sektorunda stressli vəziyyət davam edəcək, hətta artacaq, bəzi bankların bağlanması, ya da birləşdirilməsi prosesləri olacaq.(Yeni Müsavat)

Google+ WhatsApp ok.ru