BMT hakimiyyəti təşvişə salıb

Iqtidar Azərbaycanla bağlı vəziyyətin bu mötəbər qurumda müzakirəyə çıxarılmasının mənfi nəticələrə səbəb olacağından ehtiyatlanır

Azərbaycan hakimiyyəti ölkədə insan haqları sahəsindəki acınacaqlı vəziyyətin Birləşmiş Millətlər Təşkilatı (BMT) Insan Haqları Şurasının sentyabrda keçiriləcək sessiyasında müzakirəyə çıxarılacağından narahatdır. “Azadlıq”a daxil olan məlumata görə, hakimiyyət ölkədəki vəziyyətin BMT səviyyəsində müzakirəyə çıxarılmasının pis nəticələr verə biləcəyindən ehtiyatlanır.
 
Bildirilir ki, iqtidar bütün səylərini səfərbər edərək, bu müzakirələrdən qalib çıxmaq istəyində olsa da, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) məğlubiyyət buna inamı azaldıb.
 
Məlumat üçün deyək ki, AŞ PA-nın son sessiyasında 140 nəfər lehinə, 13 nəfər əleyhinə olmaqla, Azərbaycanla bağlı sərt qətnamə qəbul edilib. Bu, zaman-zaman AŞ PA-dan qalxan kimi istifadə edən hakimiyyətin artıq bu qurumu itirməsi kimi qiymətləndirilir.
 
Məlumata görə, hakimiyyət BMT-dəki müzakirələrdən həm də ona görə narahatdır ki, bu, parlament seçkilərinə az qalmış və siyasi hərarətin artdığı bir dövrə təsadüf edir. Seçkiyə az qaldığı bir vaxtda BMT kimi nüfuzlu qurumun Azərbaycanla bağlı sərt qətnamə qəbul etməsi hakimiyyət üçün öldürücü zərbə ola bilər.
 
Iqtidarda əminlik var ki, BMT-dəki müzakirələr AŞ PA-dakından daha da sərtliyilə fərqlənəcək. Bu baxımdan, hakimiyyət indidən ənənəvi şantaj üsulları ilə beynəlxalq təzyiqləri yumşaltmağa çalışmaqla yanaşı, lobbi qrupları ilə də danışıqlar aparır. Lakin edilən cəhdlər zamanı bəlli olub ki, artıq lobbi qrupları da Azərbaycan hakimiyyətinə yardım etmək iqtidarında deyil.(Azadlıq)

Google+ WhatsApp ok.ru