Deputatdan devalvasiya xəbərdarlığı

Oqtay Haqverdiyev: «Qoyunu qurda tapşırır, sonra da orada korrupsiya faktı axtarırlar»

Azərbaycan parlamenti “Maliyyə nəzarəti haqqında” qanun qəbul edə bilər. Deputat Vahid Əhmədov Milli Məclisin komitələrinin 2016-cı ilin büdcə zərfilə bağlı keçirdikləri birgə toplantıda bu barədə danışıb. Deyib ki, hökumət və digər təşkilatlar şəffaflıq prinsiplərinə əməl etməli, regionlarda maliyyə idarələrinə nəzarət gücləndirilməlidir.
 
Vahid Əhmədov bildirib ki, 2016-cı ilin vergi yığımlarında ciddi problemlər yarana bilər. Onun sözlərinə görə kiçik və orta sahibkarlar manatın devalvasiyasından sonra problemlərlə üzləşib: “Iqtisadiyyat və sənaye, vergilər nazirlikləri təkliflər hazırlamalıdır. Bəlkə Vergi Məcəlləsində dəyişiklik etməklə vergi yığımlarını əhatə etmək olar”.
 
Vahid Əhmədov hazırda Mərkəzi Bankın yenə də valyuta bazarına müdaxilə etdiyini deyib. Qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları devalvasiyadan sonrakı müddətdə 15 milyard dollardan 7,4 milyarda düşüb. Bu səbəbdən də deputat hesab edir ki, artıq manatın yumşaq devalvasiyasına getməyin vaxtıdır: “Manat heç olmasa, bazar qiymətinə gəlib çıxsın. Yoxsa 2016-cı ildə manat şok devalvasiyaya məruz qala bilər”.
 
İqtisadçı-ekspert Oqtay Haqverdiyev bu barədə "Azadlıq"a danışarkən deyir ki, ölkədə “qoyunu qurda tapşırırlar”, sonra da orada korrupsiya faktının olmasından gileylənirlər. Ekspert  nümunə olaraq, Nəqliyyat Nazirliyi sistemində baş verənləri göstərir: “Iki-üç il əvvələ qədər Nəqliyyat Nazirliyinə hər il 1 milyarda yaxın investisiya yönəldirdilər. Hansısa obyektin layihəsi, smetası, tender keçirilməsi, podratçılarla işə başlanması və obyektin qəbul edilməsi səlahiyyəti yalnız bir nazirliyə verilmişdi. Ona görə də bütün bu işlərə nəzarət etmək mümkün olmurdu. Doğrudur, indi Nəqliyyat Nazirliyinin bir sıra funksiyaları əlindən alınıb, amma bizim nazirliklərin əksəriyyətində vəziyyət belədir. Konstitusion nəzarət edən orqan Hesablama Palatasıdır.  Hesablama Palatasının hansı qurumu yoxlayıb-yoxlamaması məsələlərinin hamısı razılaşdırılma əsasında həyata keçirilir. Lazımdırsa, bütün çatışmazlıqlar aşkar edilir, lazım olmayanda isə belə yoxlamaların nəticələri açıqlanmadan saxlanılır. Yəni bizdə belə bir nəzarət sistemi var. Şəffaflıq və nəzarət olsaydı, mənimsəmə faktlarına qarşı tədbirlər görülsəydi, bu sahədə çətinliklər də olmayacaqdı. Amma belə bir nəzarət olmadığı üçün problemlər də bəlli bir nöqtəyə dirənib. Aşkar yoxlama aparan qurum kimi, Rusiyanın Hesablama Palatasını nümunə göstərmək olar”.
 
Ekspert hesab edir ki, daxildə maliyyə sistemini yoxlamaq üçün hər qurumda müəyyən bir şöbə və ya idarə  yaradılmalıdır.
 
Vergi yığımındakı çətinliklərə gəlincə, Oqtay Haqverdiyev deyir ki, bu, qısa müddətdə yaranmayıb. Bu problem neftin qiyməti yüksək olan vaxtlarda da vardı: “Mənim hesablamama görə, 30-35 faiz gizli iqtisadiyyat var. Dünya Bankı isə onun 60 faiz olduğunu bildirir. Onun heç olmasa, yarısı vergi potensialıdır. Amma bu böyük bir potensial olsa da, onu yığa bilmirlər və nəticədə həmin vəsaitdən istifadə olunmur”.

Google+ WhatsApp ok.ru