Devalvasiya bütün xidmətlərə od vurur

Manatın «üzən məzənnə»yə keçməsi bazarı iflic edib
 
 
Manat avro və dollar qarşısında dəyər itirməyə davam edir. Dolların dünən də kursunda bahalaşma müşahidə olunub. Mərkəzi Bankın dünənə olan rəsmi məlumatına görə, dolların rəsmi məzənnəsi 1.5540-a çatıb. Bir gün əvvəl isə bu rəqəm 1.5528 manat olub. Avronun məzənnəsində də yüksəliş qeydə alınıb. Ötən gün 1.6974 manata olan avro 1.7043-ə yüksəlib.

Azərbaycanda internet tarifləri artacaq

internet2

“Delta-Telekom” şirkəti Azərbaycan bazarında xidmətlərinin qiymətlərini stabil saxlamaq üçün maksimum dərəcədə çalışır. Lakin eyni zamanda qiymət artımının olmaması təkcə müəssisədən asılı deyil. Belə ki, artıq uzun müddətdir ISP (internet xidmətləri təminatçısı) və digər işlədicilərin müəssisəyə külli miqdarda borcları yaranıb”. Bunu “Report”un sorğusuna cavab olaraq “Delta-Telekom”dan bildiriblər.

“Delta-Telecom”dan əlavə ediblər ki, müştəriləri vaxtı-vaxtında ödənişlər aparmır: “Buna görə də bütün işlədicilərdən xahiş edirik ki, müəssisəmizə olan borcları dərhal ödəməklə yanaşı, aylıq ödənişləri də vaxtında aparsınlar. Əks təqdirdə çevrilmə faizi dəyişdiyinə görə və müqavilənin müvafiq bəndlərinə uyğun olaraq, gecikmiş ödənişlər üçün cərimə faizi tətbiq ediləcək”.

Daha sonra internet provayderi əlavə edib ki, “Delta-Telekom” internetin əsas hissəsini Avropanın “Tier1″ operatorlarından (”TeliaSonera”, “GlobeInternet”, “Level 3″, ”GlobalCrossing”, “Tinet” provayderləri) alır və xidmətlərə görə ödənişlər avro və dollarla aparılır. Eyni zamanda, internetin yüksək keyfiyyətinin təmin edilməsi üçün “Delta-Telekom” ən azı üç istiqamətdən xarici böyük tutumlu tranzit kanallar icarəyə götürüb və ödənişlər aylıq qaydada dollar və avroda həyata keçirilir.

Sadalanan amilləri nəzərə alaraq, Azərbaycanda tezliklə internet tariflərinin də artacağını gözləmək olar.

Qızıl bazarında qiymətlər kəllə-çarxa çıxdı

qizil-lombard

Qızıl-zinət əşyalarının qiyməti xeyli bahalaşıb. Qızıl mağazalarında aparılan araşdırma bunu deməyə əsas verir.

Bakının ən böyük ticarət mərkəzlərindən birində qızılın qiyməti 50%-ə yaxın qalxıb. Qızıla olan tələbat əvvəlki günlərə, yəni devalvasiyadan öncəyə nisbətən xeyli azalıb, bu da qiymətlərin bahalaşmasından irəli gəlir.

Satıcı, eyni zamanda zərgər Kənan Babayev deyir ki, bazarda alıcı qüvvəsi xeyli azalıb: “Birinci devalvasiyadan sonra onsuz da qızıl alanın sayı azalmışdı, amma bu qədər də yox. Artıq neçə gündür, demək olar, qızıl alan yoxdur. Gündə bir dəst qızıl satanda sevinirik. Əslində camaatı da başa düşürük. Amma belə olmaz axı. Bizim alverimiz yoxdur, vergi ödəyirik, icarə haqqı veririk. Heç olmasa icarə haqqını, vergi pulunu azaltsınlar”.

Qızıl almaq istəyən Nazilə Ismayılova qızıl almaqda gecikdiyinə görə çox təəssüflənir.

“Ötən həftə gəlib baxmışdım qızıllara. Dedim, qoy gəlin də yanımda olsun. Bu gün də gəlinlə gəldim, qiymətlər iki dəfə qalxıb. Yəqin ki, qənaət etməli olacam. Hər şey almağa imkanın olmayacaq”,- deyə alıcı bildirib.

samir-eliyev-iqtisadci

Iqtisadçı ekspert Samir Əliyev deyir ki, devalvasiyadan sonra qızılın qiymətinin artması, əslində, gözlənilən idi: “Qızıl ölkəmizə idxal olunan məhsuldur, yerli deyil, ona görə də qiymətinin iki dəfə artması məlum idi. Amma inanmıram ki, bu, uzun müddət davam edər, çünki manatın dəyərini itirdiyi və qiymətlərin qalxdığı bir vaxtda qızıl sahəsində alıcılıq dəyəri azalacaq. Indi insan öncə fiziki tələbatlarını ödəmək üçün lazım olanları alır, yalnız kiminsə artıq pulu olarsa, o, qızıl alar, əks halda, bu dəqiqə kimsə qızıl hayında deyil” (Anspress).

Mərkəzi Bank bankirləri toplayıb

merkezibank

Dünən Mərkəzi Bankda ölkənin kommersiya banklarının Idarə Heyətinin sədrləri ilə görüş keçirilib. Görüşdə milli valyutanın “üzən məzənnə” rejiminə keçirilməsindən sonra bank sektorunda yaranmış vəziyyət, dollarla götürülmüş kreditlərin qaytarılmasındakı çətinlikliklər, bununla bağlı əhali arasında yaranmış narazılıq, vəziyyətdən çıxış yolları müzakirə olunub. AMB-dən o da bildirilib ki, görüşə bütün bank rəhbərləri deyil, kredit qoyuluşunda əhəmiyyətli payı  olan, sistem əhəmiyyətli bankların sədrləri dəvət olunub (fins.az).

Bankomatlarda dollar qıtlığı gözə çarpır

bankomat

Son devalvasiyadan sonra bankomatlardan dollar nağdlaşdırmaq çətinləşib. “Azadlıq” radiosu ilə əlaqə saxlayan Bakı sakinləri bankomatlardan dollar nağdlaşdıra bilmədiklərini deyirlər. Özəl səbəblərdən adının açıqlanmasını istəməyən sakin deyir ki, dekabrın 25-də “Bank Standard”a məxsus bankomatlardan dollar çıxara bilməyib. Bunun səbəbini öyrənmək üçün banka müraciət edən vətəndaşa isə belə deyiblər: “Hazırda bankomatlara dollar doldurulmur. Müəyyən məhdudiyyətlər var”.

Bankdan onu da bildiriblər ki, şəxsiyyət vəsiqəsini götürüb pulunu filiallardan əldə edə bilər.

“Banklar qorxur…”

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, banklar devalvasiyanın 3-cü dalğasından və müştərilərin ödəniş qabiliyyətsizliyindən qorxur: “Qeyri-müəyyənlik çoxdur. Əsas səbəb də elə odur”.

Ekspert belə davranmaqla bankların qanunvericiliyi pozmadığını söyləyir: “Onların yalnız manatla əməliyyat aparmaq vəzifəsi var. Hər hansı xarici valyutadan istifadə edib-etməmək öz işləridir”.

“Fitch” 5 bankın reytinqini qiymətləndirib

fitch

Bəzi banklar kapitalın adekvatlığı əmsalı normativini pozma riski ilə üzləşib.

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) kredit reytinqini “BB”, reytinq müşahidəsini isə “Pozitiv” təsdiq edib. Bundan başqa, Agentlik “Dəmirbank” ASC, “Atabank” ASC və “AGBank” ASC-nin kredit reytinq müşahidəsini “neqativ” kimi təsdiqləyib. “Unibank” ASC-nin kredit reytinqi “B” səviyyəsində saxlanılıb, proqnozu isə “stabil”dən “neqativ”ə endirilib.

Adı çəkilən 5 bankın reytinqləri barədə qərar “üzən məzənnə” rejiminə keçidlə əlaqələndirilib. Bu qərarın, ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən bankların xarici valyutada aktivlərində yaranan risklərdən dolayı kapitallarının adekvatlıq əmsalının azalmasına ciddi təsiri edəcəyi qeyd olunur.

“Fitch”in hesabatında bildirilir ki, bəzi banklar kapitalın adekvatlığı əmsalı normativini pozma riski ilə üzləşib: “Yəqin ki, bu bankların səhmdarlarına kapitallarını artırmağa və onu normativə uyğunlaşdırmağa zaman veriləcək. Bu fikirlər fevral ayında baş verən devalvasiya zamanı formalaşıb. Bundan başqa, Mərkəzi Bank kommersiya banklarının kapitalın adekvatlıq əmsalını 12%-dən 10%-ə endirib, bu da onlara ilin sonuna qədər bu əmsala çatmaqlarına imkan verəcək”.

Agentlik bank sektorunda kredit portfelinin dollarlaşması (devalvasiyadan sonra sektorun 60%-i) səbəbi ilə aktivlər üzərində təzyiqləri nəzərə alaraq bildirib ki, kreditalanların xarici valyutada gəlirləri məhdudlaşıb (“Report”).

Rəsmi servislər qiymətləri artırdı

avtotemir

Dolların bahalaşması avtomobillərin qiymətləri ilə yanaşı ehtiyat hissələrinin və servis xərclərinin artmasına səbəb olub. Bəzi rəsmi dilerlə ehtiyat hissələrini bahalaşdırsa da, servis qiymətlərini qaldırmayıb. Bəzi servislər isə həm ehtiyat hissələrin, həm də xidmətlərin qiymətlərini artırıb.
 
70 manatlıq yağdəyişmə indi 85 manat olub
 
“Hyundai Avtoservis” artıq qiymətlərin artıdığı bildirir. Servisdən verilən məlumata görə, xidmətlərdə 20%-ə yaxın artım var. Məsələn, əvvəl 2015-ci il model 2.4 l həcmli “Hyundai Sonata” üçün yağdəyişmə 70 manat idisə, hazırda bu xidməti göstərmək 85 manatdır. “Accent” və “Elantra” modellərində yağdəyişmə isə 60 manatdan 70 manata kimi bahalaşıb.
 
“KIA”ların ehtiyat hissələri 30-40% bahalaşıb
 
“KIA Servis” də ehtiyat hissələrinin bahalaşdığını etiraf edib. Servisdən verilən məlumata görə, hazırda xidmətlərə görə 10% endirim edilsə də, ehtiyat hissələri 30-40% bahalaşıb. Hazırda anbarda olan ehtiyat hissələri də yeni qiymətlə satılır. Məsələn, əvvəl 70 manata satılan “Kia Serato” avtomobilinin ön təkərlər üçün tormoz astarları  hazırda 101 manatdır. Amortizatorlar da 30% bahalaşıb. Məsələn, “KIA Optima” modelinin amortizatorları 125 manat idisə, indi 162,50 manata satılır. Yağ filtiri 4 manatdan 5 manata kimi, lampalar 9 manatdan 12 manata kimi bahalaşıb. Servisdən bildirirlər ki, dolların bahalaşmasından sonra satış 50% aşağı düşüb.
 
“Toyota”ların ehtiyat hissələri 25 % bahalaşdı
 
“Toyota Bakı Mərkəzi” də servis qiymətlərini qaldırmasa da, ehtiyat hissələrini bahalaşdırıb. Şirkətdən verilən məlumata görə, ümumilikdə bütün ehtiyat hissələri 25% bahalaşıb. Ehtiyat hissələri mağazasında bildirilib ki, mühərrik yağları 8,50 manatdan 10 manata kimi, yağ filtiri isə 7,50 manatdan 10 manata kimi bahalaşıb.
 
“Nurgün Motors” hələlik köhnə qiymətlərlə işləyir
 
“Nurgün Motors” şirkətindən isə digərlərindən fərqli olaraq hələlik bahalaşmadığını deyir. Şirkətdən verilən məlumata görə, hazırda anbarda olan ehtiyat hissələrinin köhnə qiymətlə satışı davam edir. Bundan əlavə servis qiymətləri də artırılmayıb (fins.az).
 
Bir bank müştərilərinə güzəşt etdi
 
Məlumata görə, “Turan Bank”ın Gəncə filialında müştərilərə yeni təklif edilib. Belə ki, bank əməkdaşları dollarla krediti olanlara zəng edib 1.30 manatla kreditlərini bağlamağı təklif edirlər. Bank əməkdaşı bildirib ki, kim istəsə 1.30 manatla kreditini tam bağlamaq mümkündür banker.az  /

 

Google+ WhatsApp ok.ru