Diplomatlarımız “Facebook” hesablarını bağlayır

Azərbaycan diplomatları öz “Facebook” hesablarını bağlamağa başlayıblar. Bu barədə mediada yayılan məlumatlarda bildirilir. Məlumatalara görə, Xarici Işlər Nazirliyinin göstərişinə əsasən xarici ölkələrdəki səfirlər və səfirliklərimizin digər əməkdaşları öz “Facebook” hesablarını bağlamalı olublar.
 
Konkret olaraq Pakistanda səfirimiz Daşqın Şikarov “Facebook” profilini bağladığını gizlətməyib. O, qərarını belə izah edib: “Ölkəmizlə bağlı əlamətdar hadisələr, həmçinin Ermənistanın torpaqlarımızı işğal etməsi faktı, Xocalı soyqırımı və bu kimi digər məslələri işıqlandırmaq məqsədilə 2009-cu ildən Facebook-da şəxsi profil səhifəsi açmışam. Yuxarıda qeyd edilən məslələrin sosial şəbəkələrdə yayılması və daha geniş təbliğ olunması məqsədilə Facebook-da göndərilən bütün dostluq təkliflərini qəbul etmişəm.
 
Təəssüflər olsun ki, qəbul etdiyim dostların bəziləri zaman-zaman məni müxtəlif xöşagəlməz rəsmlərə tağ ediblər, “inboks”a arzuolunmaz mesajlar göndəriblər. Son vaxtlar isə bu kimi hadisələr daha da intensivləşib və bu səbəbdən də 10.05.2015-ci il tarixindən etibarən “Facebook” səhifəmi bağlamaq qərarına gəldim".
 
Diplomatların öz “Facebook” hesablarını bağlaması ilə əlaqədar xəbərin dəqiqliyini yoxlamaq üçün kiçik araşdırma apardıq. Nəticə etibarilə “Facebook” axtarış sistemində bir sıra Avropa ölkələrindəki Azərbaycan səfirlərinin hesabına rast gəlinmədi.

Google+ WhatsApp ok.ru