Dünyanın ən yaşlı baş naziri

Fevralın 26-da Azərbaycanın baş naziri Artur Rasizadənin 81 yaşı tamam olub. 1935-ci ildə doğulan Artur Rasizadə 1996-cı il noyabrın 26-dan baş nazirdir (2003-cü ilin avqustundan noyabrınadək olan dövrü çıxmaqla; həmin müddətdə o, baş nazirin birinci müavini işləyib).
 
Transparency.az bildirir ki, Artur Rasizadə Azərbaycana qonşu ölkələrin baş nazirləri arasında ən yaşlı şəxsdir.
 
Ermənistanın baş naziri Ovik Abramyan Artur Rasizadədən 21 yaş cavandır. Onun 58 yaşı var.
 
Türkiyənin baş naziri Əhməd Davudoğlu 57, Rusiyanın baş naziri Dmitri Medvedyev 50 yaşdadır.
 
Gürcüstana 48 yaşlı Georgi Kvirikaşvili baş nazirlik edir.
 
Keçmiş SSRİ məkanının ən böyük ölkələrindən olan Ukraynanın baş naziri Arseni Yatsenyukun 41 yaşı var.
 
Avropa İttifaqının aparıcı ölkələrinə gəlincə, Almaniya hökumətinin başında 61 yaşlı Angela Merkel durur.
 
Fransanın baş naziri Manuel Valsın 53, Böyük Britaniyanın baş naziri Devid Kemeronun 49, İtaliyanın baş naziri Matteo Renzinin 41 yaşı var.
 
İsrail rejiminin baş naziri Benyamin Netanyahu 66 yaşdadır.
 
Şimali Amerika ölkəsi Kanadada isə baş nazir Castin Tryudonun 44 yaşı var.
 
Artur Rasızadə 1973-1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975-1977-ci illərdə "İttifaqneftmaş" ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olub.
 
1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992-1994-ci illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.
 
1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.
 
1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş Nazir, 2003-cü ilin avqust - noyabr aylarında Baş Nazirin birinci müavini vəzifələrində işləyib.
 
2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziridir.

Google+ WhatsApp ok.ru