Dollar `qara bazar`da bahalaşır

Dollar `qara bazar`da bahalaşır

"Yeni Müsavat" qəzetində "Qara bazar"da dollar kim və niyə bahalaşdırır" sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda iqtisadçı-ekspert Natiq Cəfərlinin düşüncələrinə yer verilir.
 
Yazıda bildirilir ki, son üç gündə ardıcıl olaraq "qara bazar"da dollar bahalaşmaqda davam edir. 1 dollar yenidən 1.70 manat həddinə yaxınlaşır. Kommersiya banklarında isə dolların alış qiyməti bundan bir qədər ucuzdur.
 
Ekspert N.Cəfərli mövzu ilə bağlı qəzetə bunları deyib: "Sadəcə, valyutadəyişmə məntəqələri tam gücü ilə fəaliyyət göstərməyə başlasa, "qara bazar" sıradan çıxacaq. "Qara bazar"ın fəaliyyəti üçün heç bir məntiqi əsas qalmayacaq. Ola bilər ki, "qara bazar" özünün son günlərində dövriyyəsini artırmaq və müəyyən itkilərini geri qaytarmaq üçün müəyyən addımlar atır".
 
Ekspert hesab edir ki, "qara bazar"da dolların bahalaşmasında psixoloji amillərin də təsiri var: "Çox ciddi bir psixoloji ortam var ki, İslam Oyunları və "Formula-1"dən sonra dollar yenidən bahalaşa bilər. Bu fikir kifayət qədər ciddi bir şəkildə səsləndirilir. Bu ehtimalların iqtisadi əsası da var. Çünki ölkənin makroiqtisadi göstəricilərində heç bir dəyişiklik olmayıb. Yəni, gəlirlərin artım sürəti o qədər çox olmayıb ki, valyuta tənzimlənməsinə şərait yaransın".
 
N.Cəfərli vurğulayıb ki, hökumət, doğrudan da, qeyri-neft sektorunu inkişaf etdirmək istəyirsə, manata süni şəkildə dəyər vermək əks nəticələr verə bilər: "Bunu hökumət də, Mərkəzi Bank da anlayır. Ona görə də, sanki 1.70 ətrafında psixoloji bir sərhəd çəkib ki, bu, ən aşağı həddir. Bunu da öz əməlləri ilə bəyan edir. Ola bilər ki, Oyunlardan sonra gözlənilən turist axını baş tutarsa, ondan sonra məzənnədə müəyyən dərəcədə dəyişikliklər olsun". /

Google+ WhatsApp ok.ru