DSMF sədri: “Pensiyaların maliyyələşdirilməsində heç bir problem olmayacaq”

Azərbaycanda pensiyaların ödənilməsini reallaşdıran bankların siyahısında dəyişiklik yoxdur.
 
Bunu jurnalistlərə açıqlaması zamanı DSMF sədri Elman Mehdiyev bildirib.
 
“Bu gün Azərbaycanda pensiyaların ödənilməsi prosesi satınalmalar haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən tender vasitəsilə reallaşdırılır. Ötən dövrdə bizim keçirdiyimiz bu tenderdə Beynəlxalq bank və Kapital bank qalib olub. Hazırda pensiyaların ödənilməsin bu iki bank vasitəsilə reallaşdırılır”, - deyə E. Mehdiyev bildirib.
 
Onun sözlərinə görə, bugünkü vəziyyətdə hər iki bank öz üzərilərinə düşən vəzifələri kifayət qədər yüksək səviyyədə icra edirlər.
 
“Artıq biz may ayının pensiyalarının maliyyələşməsinə yenə də qrafikdən öncə, ayın birində start verəcəyik. Mən müvafiq bankların rəhbərləri ilə bu məsələni müzakirə etmişəm. Həm maliyyələşmələrdə, həm də nağd pul vəsaitlərlə təminatda heç bir problem olmayacaq”, - deyə E. Mehdiyev bildirib.

Google+ WhatsApp ok.ru