Dövlət təşkilatlarında vergi böhranı

Bir neçə gün bundan əvvəl məlum oldu ki, Azərbaycanın iri holdinqlərindən biri, tərkibində “Bank of Baku”nu və “Hyundai” avtomobillərinin rəsmi dileri “Auto Azerbaican”ı birləşdirən “NAB Group” ziyanla işləyir. Şirkətdən açıqlanan məlumata əsasən ötən il NAB Group-un təmiz ziyanı 132 min manatdan 200 min manata qədər artıb. Nəticədə şirkətin üst-üstə yığılmış ziyanının həcmi 300 min manatı keçib.
Şirkətlər qrupunun ümumi əməliyyat gəliri 798 min manatdan 163 min manata qədər azalıb. Hərçənd ki, satışların maya dəyəri də 747 min manatdan 277 min manata qədər azalıb.
Amma bu tip geriləmə özünü təkcə özəl sektorda göstərmir.
 
“Dövlət şirkətləri də ziyanla işləyir”
 
Rəsmi məlumatlara görə, 2015-ci ilin yanvar-iyun aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar azalıb. Belə ki, bu ilin birinci yarısında büdcəyə adıçəkilən nazirlik vasitəsilə 3 milyard 346 milyon 306,8 min manat vəsait daxil olub. Doğrudur, bu ilin proqnoz göstəricisinə 100,8 faiz əməl edilib. Amma ötən ilin müvafiq dövrü ilə müqayisədə 247 milyon manat azalma var. Qeyd edək ki, 2014-cü ilin yanvar-iyun aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3 milyard 593 milyon 835 min manat təşkil edib (“Bizim Yol”).
 
“İri vergi ödəyiciləri özəlləşdirilməlidir”
 
Azalmanın əsas səbəbi neftin ucuzlaşması və bu sektordan daxil olan vergilərin həcminin aşağı düşməsidir. Hökumət qeyri-neft sektoru vasitəsilə itkiləri sığortalamaq üçün bütün gücünü səfərbər edib. Kiçik, orta və iri şirkətlər üzərində vergi nəzarətini gücləndiriblər. Lakin bir sıra ekspertlər neftin bahalaşmayacağı təqdirdə hökumətin bu addımını uzunmüddətli dövr üçün effektiv saymırlar. Onların fikrincə, yaxın zaman kəsiyində hökumət daha radikal islahatlar həyata keçirə bilər. Iqtisadçı-ekspert Qubad Ibadoğlu bildirir ki, dövlətin iri vergi ödəyiciləri özəlləşdirilə, səhmlərinin bir hissəsi satışa çıxarıla bilər.
 
“İri dövlət şirkətlərinin iri borcları var”
 
Lakin burada başqa bir nüans var. Həmin şirkətlərin büdcə öhdəliklərini yerinə yetirməsində böyük problemlər yaşanır. Dövlət Neft Şirkəti istisna olmaqla, demək olar, hamısının - “Azərenerji” ASC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərsu” SC-nin, “Azərbaycan Hava Yolları”nın, Xəzər Dəniz Gəmiçiliyinin və “Bakı Metropoliteni” QSC-nin yalnız adları “iri vergi” ödəyicisi olaraq qalır. Onlar nəinki dövlət büdcəsinə, eləcə ayrı-ayrı təşkilatlara da böyük məbləğdə borcludurlar.ÿ
Bu qurumların hər biri büdcədən həm subsidiya, həm də investisiya xərcləri əldə etməklə, dövlət vəsaitlərinin səmərəsiz və qeyri-şəffaf istifadəsi ilə məşğuldurlar.
 
“Çökən şirkətlərə subsidiyalar ayrılır”
 
2015-ci ildə dövlət mülkiyyətində olan iri vergi ödəyicilərinə ayrılan subsidiyaların həcmində 7.5 milyon manatdan çox artım proqnozlaşdırılır. Bu xərclər əsasən, büdcə zərfində 3 istiqamətdə özünü göstərir: nəqliyyat, mənzil-kommunal təsərrüfatı və rabitə xərcləri çərçivəsində. Burada diqqət çəkən məqamlardan biri 2014-cü ildə sözügedən şirkətlərə ayrılması proqnozlaşdırılan subsidiyaların heç də hamısının icra edilməməsidir.ÿ
Beləliklə, 2014-cü ildəÿ"Bakı Metropoliteni" QSC-yə 35 milyon manat ayrılması nəzərdə tutulsa da, 36 milyon manat yönəldilib. 2015-ci ildə isə bu proqnoz 37.9 milyonÿmanat nəzərdə tutulub. “AZAL” üçün nəzərdə tutulan 10 milyon manatın hamısı istifadə edilib. Bu ildə də eyni həcmdə subsidiya nəzərdə tutulub.
“Azərsu”ya gəlincə, ötən il proqnozlaşdırılan 9.8 milyon manat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün isə nəzərdə tutulan 38.2 milyon manat subsidiya icra edilməyib. 2015-ci ilin dövlət büdcəsindən isə hər iki quruma müvafiq olaraq 10 milyon manat və 42.5 milyon manat subsidiya ayrılması proqnozlaşdırılıb.
Qeyd edək ki, bu iri vergi ödəyiciləri subsidiya almaqla yanaşı, büdcənin əsaslı xərclərində (investisiya xərclərindən) də böyük paya sahibdirlər. Belə ki,
- Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2014-cü ildə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu çərçivəsində 5 milyon manat ayrılması nəzərdə tutulub. Dövlət Neft Fondundan “fiber-optika” layihəsi üçün bir neçə ildir ki, 100 milyon manat yönəldilməsi planlaşdırılsa da, icra edilmir.
- “Bakı Metropoliten” QSC-yə 224 milyon manat;
- Dövlət Neft Şirkətinə dövlət büdcəsinin investisiya xərclərindən ötən il 100 milyon manat ayrılıb. Bundan əlavə, Dövlət Neft Fondundan da bu şirkətə böyük həcmdə vəsait yönəldilib.
- “Azərenerci” ASC-yə 92.3 milyon manat;
- “Azərbaycan Hava Yolları”na 20 milyon manat;
- “Azərsu” Səhmdar Cəmiyyətinə 390.4 milyon manat
Yuxarıda qeyd etdiyimiz kimi, bu müəssisələrin hər biri eyni zamanda büdcənin iri vergi ödəyiciləridir. Hər il hökumət bu şirkətlər tərəfindən müəyyən yığım proqnozu nəzərdə tutur. Dövlət büdcəsinə dair hesabatlarda bu, “hesablanmış vergi məbləği” adlandırılır.
“AZAL” 29,7 milyon yerinə büdcəyə 14.6 milyon ödəyib
“AZAL”ın 2014-cü il üçün vergi ödənişləri 29,7 milyon manat hesablansa da, faktiki ödəniş 14.6 milyon olub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə 62.1 milyon manat vergi məbləği hesablansa da, icra 32.7 milyon təşkil edib.
“Azərenerji” ASC isə 215.4 milyon manat büdcəyə vergi ödəməli olduğu halda, onun 146.8 milyonunu yerinə yetirməyi bacarıb.
“Azərbaycan Dəmir Yolu” QSC-də isə vəziyyət lap acınacaqlıdır. Bu qurum üçün hesablanmış vergi məbləği 24.6 milyon manat nəzərdə tutulsa da, faktiki ödəmə cəmi 3.2 milyon manat olub.
“Xəzər Dəniz Gəmiçiliyi”ndə də vəziyyət eynidir. Hökumət hesabladığı vergi məbləği 29.7 milyon manat proqnozlaşdırıldığı halda, icra cəmi 7 milyon manat olub.
“Azərsu”da vəziyyətə gəlincə, burada dövlətin hesabladığı vergi məbləği 29.8 milyon manat olsa da, ödəmə 10.2 milyon təşkil edib.
Göründüyü kimi, dövlətin təbii inhisarçı şirkətlərinin heç biri hesablanmış vergi məbləğinin ödənilməsini tam icra edə bilmir. Belə bir vergi intizamı ilə həmin şirkətlərin özəlləşdirilməyə cəlbini, vergi daxilolmalarında büdcəyə göstərə biləcəyi “yardım”ı təşkil etmək asan olmayacaq. Bunun üçün öncə institusional islahatların həyata keçirilməsinə ehtiyac var.
 
Samir Əliyev: “Əgər iri dövlət şirkətləri vergi öhdəliklərini yerinə yetirmirlərsə, məsuliyyətə cəlb olunmalıdırlar”
 
İqtisadçı Samir Əliyev "Azadlıq"a bildirib ki, heç kimə sirr deyil ki, Azərbaycanda biznes mühiti pisləşib. S.Əliyevin sözlərinə görə, alıcılıq qabiliyyətinin azalması nəticəsində həm satış aşağı düşüb, həm də xidmət sektorunda böhran yaranıb: “Uzun müddət idi ki, dövriyyədə asan pullar, neft pulları hərəkət edirdi. Biz bunu daşınmaz əmlak bazarında və digər sahələrdə müşahidə edirdik. Amma hazırda dövriyyədə pul yoxdur. Neftin qiyməti aşağı düşür, Rusiyadan da pul gəlmir. Bu çatışmamazlıq bütün sahələrdə, o cümlədən avtomobil satışında özünü göstərir. Eyni zamanda bizdə avtomobil satışının məhdudlaşdırılması üçün də addımlar atıldı. Yəni avtomobil satışının azalmasına səbəb təkcə böhran deyil. Benzinin keyfiyyəti ilə bağlı qadağalar, eyni zamanda rüsumların dəyişdirilməsi avtomobil satışını azaltdı”.
Dövlət şirkətlərinə gəlincə, S.Əliyev bildirdi ki, adları çəkilən dövlət şirkətləri əsas vergi ödəyiciləridir. Təbii inhisarçıların həm iri vergi ödəyiciləri, həm də iri gəlir əldə edən şirkətlər kimi çıxış etdiyini deyən S.Əliyev vurğuladı ki, əgər bu dövlət şirkətləri vergi öhdəliklərini yerinə yetirmirlərsə, o zaman məsuliyyətə cəlb olunmalıdırlar: “Kiçik şirkətlərdən vergilər bütün pulu alır və cərimələməkdən çəkinmir. Amma indi məlum olur ki, dövlət şirkətləri vergi öhdəliklərini yerinə yetirmirlər. Bu isə bazarda rəqabət mühitini pozur. Burada diskriminasiya hiss edilir. Belə çıxır ki, dövlət şirkətləri xüsusi statuslarından istifadə edib vergiləri ləngidə bilər”.

Google+ WhatsApp ok.ru