Dövriyyədə saxta manat və dollar artıb - onları necə tanıyaq?

Dövriyyədə saxta manat və dollar artıb - onları necə tanıyaq?

Ekspert: “Mərkəzi Bank bu sahədə maarifləndirmə işləri aparmalı, sosial reklamlar hazırlamalıdır”
 
Son zamanlar dövriyyədə saxta pulların artması barədə məlumatlar dolaşır. Mətbuatda tez-tez saxta pul hazırlayan dəstələrin tutulması ilə bağlı məlumatlar yayılır. Sadə vətəndaşlar market və bazarlarda, yanacaqdoldurma məntəqələrində və digər yerlədə onlara qaytarılan qalıq pullar arasında saxta əsginazların da yer aldığını bildirirlər. Bir çoxları isə bu barədə polisə müraciət etməkdən belə çəkinir. Çünki saxta pul hazırlamaq və onu dövriyyəyə daxil etmək cinayət əməli olduğundan özünün də şübhəli durumda qalacağından qorxur.
 
Təəssüf ki, sadə insanların əksəriyyətində əsginazların həqiqi, yoxsa saxta olduğunu müəyyənləşdirmək üçün lazimi informasiyalar yoxdur. Saxta əsginazlara təkcə milli valyuta ilə bağlı yox, dollar və avro ilə bağlı da rast gəlmək mümkündür.
 
Bəs görəsən, saxta əsginazı necə tanımaq olar? Bunun üçün pulların üzərində hansı görünən və görünməyən nişanlar qoyulub? Dövriyyədə saxta pulların artmasının qarşısını almaq üçün hökumət hansı addımlar atmalıdır?
 
Bu sualları cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, iqtisadi böhranla əlaqədar cinayətkarlığın sayı artıb və bu cinayətlərin bir növü də saxta pulların hazırlanmasıdır: “Əvvəla, hamı bilməlidir ki, saxta pul hazırlama, əldə etmə və ya satma cinayətdir. Cinayət Məcəlləsinin 204-cü maddəsinə əsasən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycanda bu işlə keçmiş SSRİ vaxtından məşğul olanlar vardı.
 
Saxta pulların son zamanlar çoxalması böyük ehtimalla iqtisadi böhranla bağlıdır. Böhran zamanı ümumən cinayətlərin sayı artır. Buna görə də hamı ehtiyatlı olmalıdır. Hər kəs aldığı pulları nəinki saymalı, həmçinin onların mühafizə elementlərinə də diqqət yetirməlidir".
 
İqtisadçının sözlərinə görə, hər bir valyutanın mühafizə elementlərini onu emissiya edən Mərkəzi Bank müəyyən edir: “Məsələn, dollar üzrə Federal Ehtiyat Sistemi, avro üzrə Avropa Mərkəzi Bankı, rubl üzrə Rusiya Mərkəzi Bankı və s. Azərbaycanda da həmin elementləri Mərkəzi Bank müəyyən edir. Mühafizə elementləri müxtəlifdir: relyefli nominallar, hissələrə ayrılmış rənglər, işığa tutduqda görünən element, xüsusi dəqiq cizgilər, surətçıxarmaya qarşı xüsusi xətlər strukturu, fərdi holoqramlar və s. Hazırda manatın 4 pilləli (I, II, III və IV dərəcəli) mühafizə sistemi mövcuddur. Hər nominallı əsginazın öz əsas fon rəngi var, eyni mühafizə elementləri eyni yerlərdə yerləşdirilmişdir. Əhali üçün nəzərdə tutulan I dərəcəli mühafizə elementləri (əsginazın nominalı, ”manat" sözü, valyuta nişanı) bütün əsginazlar üçün eynidir, eyni yerlərdə yerləşdirilib və xüsusi avadanlıq istifadə olunmadan müəyyən edilə bilər. II dərəcəli mühafizə elementləri sadə alətlərlə (məsələn, böyüdücü şüşə) müəyyən edilə bilər. III dərəcəli mühafizə elementləri ekspertlər tərəfindən xüsusi avadanlıqlarla müəyyən edilmək üçün nəzərdə tutulub. IV dərəcəli mühafizə elementləri yalnız Mərkəzi Bankın özü tərəfindən müəyyən edilir. Beləliklə, sıravi vətəndaşlar ən azı I-II dərəcəli mühafizə elementlərini bilməlidir. Ümumən əksəriyyət təcrübədən onların bir qismini bilir. Lakin əlbəttə, yaxşı olardı ki, heç olmasa Mərkəzi Bank bu sahədə maarifləndirmə işləri aparsın, sosial reklamlar yerləşdirsin və s. Hətta məktəblilərə də bu elementlər izah edilməlidir".
 
Əkrəm Həsənov hesab edir ki, ölkədə dollar və avronun da geniş yayılmasını nəzərə alaraq, həmin valyutaların da mühafizə elementləri əhaliyə izah edilməlidir: “Eyni zamanda əhali də bu sahədə savadlanmağa meylli olmalıdır. Bu məsələ üzrə internetdə, xüsusən mərkəzi bankların saytlarında da kifayət qədər məlumat var. Nəhayət, saxta pullarla mübarizənin ən effektiv yolu nağdsız hesablaşmaların təşfiqidir. Xüsusən iri məbləğli ödənişlər üzrə. Çünki iri məbləğdə pul qəbul edənin bütün əsginazları yoxlamaq imkanı olmur. Məlum olduğu kimi, bu ilin əvvəlindən ölkədə ”Nağdsız hesablaşmalar haqqında" Qanun qüvvəyə minib. Həmin qanun əsasən nağdsız hesablaşmaların həcmini məcburi yolla artırmağa hesablanıb. Təbii, stimullaşdırıcı metodlardan da istifadə olunmalıdır. Elə saxta pullarla mübarizənin özü də bura aiddir. Yəni vətəndaşlara müntəzəm izah edilməlidir ki, nağdsız hesablaşmalar onların xeyrinədir və ən azı onları saxtarkarlardan qoruyur. Xarici təcrübə də göstərir ki, nağdsız hesablaşmaların geniş yayıldığı ölkələrdə saxta pullar az olur". (musavat) /

Google+ WhatsApp ok.ru