İdxaldan asılılıq davam edir

İdxaldan asılılıq davam edir

"Exo" qəzetində isə "Azərbaycan 30 faiz idxaldan asılıdır" sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda qeyd edilir ki, qeyri-neft sektorunun inkişafından və iqtisadiyyatın şaxələndirilməsindən danışılsa da, ölkə hələ də idxaldan asılıdır. Ekspert Nəriman Ağayev mövzu ilə bağlı qəzetə bunları bildirib: "Ölkə 30 faiz idxal məhsullarından asılıdır və yaxın gələcəkdə bundan xilas olacağı inandırıcı görünmür. Odur ki, ərzaq təhlükəsizliyi daim gündəlikdə qalmaqda davam edir".
 
N.Ağayevə görə, ölkə yaxın illərdə heç vaxt özünü yağla, konservləşdirilmiş balıq məhsulları və ətlə təmin edə bilməyəcək: "Bu üç məhsul növü zəruri tələbata aiddir və gələcəkdə də onların idxalı davam edəcək. Bu məhsullar həm də "istehlak səbəti"nə daxildir».
 
Ekspert hesab edir ki, kosmetika və əczaçılıq vasitələrini ixraca yönəltmək mümkün idi. Amma bu sahəni ələ keçirən bəzi sahibkarlar bu istiqamət üzrə ölkənin ixrac imkanlarını artırmaqda maraqlı deyildir.
 
Ekspert deyib ki, hətta neftin dəyərinin kəskin düşməsinə baxmayaraq, yenə də ixracın böyük bir hissəsini bu xammal təşkil edir: "Bütünlükdə isə ixracdan gələn gəlir maliyyə bazarında durumu sabitləşdirə və milli valyutanın məzənnəsindəki kəskin dəyişmələri dayandıra bilərdi".

Google+ WhatsApp ok.ru