Ekspert: `Görünən kəndə nə bələdçi...`

Ekspert: `Görünən kəndə nə bələdçi...`

"Ölkənin ciddi problemlər yaşaması haqda xüsusi nəsə söyləməyə ehtiyac yoxdur. Bu, göz önündədir. Elə hökumətin öz göstərdiyi rəqəmlər problemlərin olduğunu sübut edir".
 
Bunu AzadlıqRadiosuna iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.
 
İqtisadçı 2016-cı ildə Ümum Daxili Məhsulun (ÜDM) 3.8 azalmasının MDB-də ən pis, dünyada isə 10 ən pis göstərici sırasında olduğunu söyləyib.
 
Ekspert deyib ki, 2017-ci ilin büdcəsi son 10 ilin ən kiçik büdcəsidir: "Məsələ təkcə büdcənin azalmasında deyil. Dünyada bütün hesabatlar dollarla aparılır. Dollar ekvivalentindəki göstəricilərlə orta əmək haqları, təqaüdlər, müavinətlər azalıb. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb, bahalaşma dayanmır, yəni problemlər çoxdur".
 
Ekspert hesab edir ki, ölkənin bank sistemi ciddi narahatlıq doğurur: "Bütün kreditlərin 9 faizinin qaytarılmasına ümid yoxdur. Amma bir çox ekspertlər bu rəqəmin 25 faizi bərabər olduğunu bildirir. Faktiki olaraq, kreditləşmə prosesi dayanıb. Banklar irihəcmli valyuta alqı-satqı məntəqəsinə dönüb".
 
İqtisadçının deməsinə görə, idarəetmə sistemində də ciddi problemlər var: "Odur ki, islahatlar həm idarəetmə, həm də iqtisadi sahədə aparılmalıdır. Başqa halda problemin həlli görünmür".
 
N.Cəfərlinin fikrincə, iqtisadi inkişaf barədə deyilənlər təbliğata xidmət edir.
 
Dünən, martın 28-i Saatlı rayonunda pambıqçılıqla bağlı keçirilən müşavirədə isə prezident İlham Əliyev demişdi ki, dünyada ən yüksək inkişaf göstəriciləri Azərbaycandadır.
 
Prezidentin deməsinə görə, Azərbaycandakı idarəçilik dünyaya nümunə göstərilə bilər.
 
O qeyd edib ki, ən mötəbər dünya forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında öz rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdədir. "Dünyada 200-dən çox ölkə var. Bax, biz bu parametrə görə 37-ci yerdəyik. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bundan əlavə, biz keçən ilə nisbətən 3 pillə yuxarı qalxmışıq...". /

Google+ WhatsApp ok.ru