Ekspert: 'Xalq boğazından kəsir'

Ekspert: 'Xalq boğazından kəsir'

«Novoye Vremya» qəzetində «Statistika Komitəsi də ölkədə inflyasiya olduğunu etiraf edir» sərlövhəli məqalə ilə tanış olmaq olar.
 
Məqalədə Dövlət Statistika Komitəsinin göstəricilərinə isnadən qeyd edilir ki, bu ilin iyul ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlər 10.6 faiz bahalaşıb: «O cümlədən il ərzində ərzaq malları 12 faiz, qeyri-ərzaq malları 15.5 faiz, xidmətlər isə 4.7 faiz bahalaşıb».
 
Yazıda statistik rəqəmlərin təqdimatından sonra dəyərləndirmələrə keçilir.
 
Müəllif yazır ki, hökumətin qiymət artımının nəzarətində olması barədə bəyanatlarının heç bir əsası yoxdur: «Əslində isə Azərbaycanda bazar iqtisadiyyatı yox, əsl «bazar» hökm sürür».
 
Müəllifin fikrincə, rəqabət mühiti olmadıqda və inhisar kök salanda, başqa cür ola da bilməz.
 
Yazıda qeyd edilir ki, manatın dəyər itirməsi, nəzərəçarpan inflyasiya hökumətin iqtisadi siyasətinin dayanıqsızlığını göstərir. Müəllifin fikrincə, inflyasiyanın daha bir səbəbi, hələ də, büdcənin neftdən yüksək dərəcədə asılı olmasındadır: «Əsl qorxu budur ki, bu meyl davam etdiyi halda, bizdən sonrakı nəsillər təkcə təbii sərvətlərdən yox, bu sərvətlərin gətirə biləcəyi pullardan da məhrum olacaqlar».
 
​XALQIN QAZANCI YEMƏYƏ GÜCLƏ ÇATIR
 
«Exo» qəzetində də «Azərbaycan əhalisi ilk növbədə yeməyə və geyimə qənaət edir» başlıqlı yazı dərc edilib.
 
Müəllif qeyd edir ki, bahalığa görə əhali öz qida rasionuna yenidən baxır. Bahalı ərzağı ucuz ərzaqlarla əvəz edir.
 
Müəllifin gəldiyi nəticəyə görə, devalvasiyadan sonra əhalinin gəlirləri təqribən 50 faiz azalıb. Buna görə də, insanlar öz büdcəsinə və xərclərinə yenidən baxmaq məcburiyyətindədir.
 
Ekspertlərdən Oqtay Haqverdiyev də qəzetə deyib ki, iqtisadi böhran və gəlirlərin azalması əhalini qənaət rejiminə keçirib: «Qənaət isə, ilk növbədə, buna qədər də təmtəraqlı olmayan qidaya zərbə vurub. İndi ərzağın qiyməti baha olduğu üçün insanlar yenidən onun tərkibinə baxmalı olurlar. Devalvasiyaya qədər insanlar ət məsullarına üstünlük verirdilərsə, indi tərəvəzə və daha əlçatan qida məsullarına üstünlük verirlər. Çoxları yeni geyim almaqdan məhrum olublar. Digər tərəfdən suya, işığa olan məsrəflər artıb».
 
Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov da qeyd edib ki, əhalinin məişət xidmətilərinə olan tələbatı azalıb. Onun deməsinə görə, indi Azərbaycanda məişət avadanlıqlarının alışı təqribən 20 faiz düşüb.
 
Başqa bir ekspert Vüqar Bayramov isə deyib ki, artıq bir çox ailələr ət, kolbasa məhsullarına qənaət edirlər. Hətta çoxları sağlamlıq kimi vacib məsələni arxa plana keçirir. Onun deməsinə görə, ailələr var ki, uşağı tibbi müayinəyə apara bilmir.
 
Ekspertlərin deməsinə görə, xalq boğazından kəsir, qayğıları bir növ görməməyə çalışır.(azadliq.org)

 

Google+ WhatsApp ok.ru