Elektron alış-satış sıradan çıxa bilər

Elektron alış-satış sıradan çıxa bilər

Qiymətlər artsa, vətəndaşların onlayn ticarətə marağı itəcək
 
Vergilər Məcəlləsinə edilən son dəyişikliklə onlayn ticarətə də vergi tətbiq olunmağa başlanılıb. Dəyişikliklərdə onlayn sifarişlə alınan mallara görə əlavə dəyər vergisi (ƏDV) tətbiq ediləcəyi göstərilib. Vergilər Nazirliyində hesab edirlər ki, bu cür yanaşma yerli istehsalçılar və ticarətçilərə qarşı ədalətli addım olacaq və hər sifariş ediləcək malın dəyərinin 18%-i ƏDV kimi tutulacaq.
 
Hazırda elektron ticarətin vergiyə cəlb edilməsi texnologiyası ilə bağlı xarici təcrübə öyrənilir.
 
Bundan sonra onlayn sifariş əsasında xaricdən alınan hər bir əşyanın qiymətindən əlavə, dövlət büdcəsinə o malın dəyərinin 18 faizi məbləğində ödəmə ediləcək. Yəni müştərinin ödəmə kartından, avtomatik olaraq 18 faiz ƏDV tutulacaq.
 
Rəsmilər bunu yerli istehsalçı və ticarətçilərə qarşı ədalətli yanaşma kimi qiymətləndirsələr də, ekspertlər belə hesab etmir. Onların sözlərinə görə, xaricdən alınan əksər mallar Azərbaycanda istehsal olunmadığından burada yerli sahibkarı qorumaqdan söhbət gedə bilməz.
 
Ekspertlər hesab edir ki, Azərbaycanda alternativi olmayan məhsulların xaricdən alınmasına tətbiq olunan 18 % vergini ləğv etmək lazımdır.
 
İqtisadçı ekspert Qubad İbadoğlu “Yeni Müsavat”a açıqlamasında dedi ki, indiki iqtisadi şəraitdə elektron ticarəti önəmli hesab edir: “Xüsusilə nəzərə almaq lazımdır ki, ölkədə nağdsız hesablaşmaların genişləndirilməsi ilə bağlı prezidentin fərmanı var. Hesab edirəm ki, bu gün vergi və gömrük siyasəti elektron ticarətin stimullaşdırılmasına xidmət etməlidir, onu təşviq etməlidir. Vergi elə formalaşdırılmalıdır ki, əks təsir göstərməsin. Bu, bütövlükdə həmin sektorun vəziyyətini ağırlaşdıra bilər. Bu sahənin inkişafı Azərbaycanda elektron ticarətin genişləndirilməsi, nağdsız dövriyyənin artması, həmçinin bank-maliyyə əməliyyatlarının etibarlığının artırılması üçün çox önəmlidir. İnkişafa yeni başlayan bu sektorun yüksək vergilərlə boğulması doğru deyil”.
Qubad İbadoğlu elektron ticarətə vergi tətbiq olunmasının texnologiyası ilə bağlı diqqətli olmağı tövsiyə etdi: “Mən Azərbaycanda elektron ticarətə verginin hansı formada tətbiq olunacağı, metodologiyası barədə məlumatlı deyiləm. Yəqin ki, müvafiq təlimatlar Vergilər Nazirliyi tərəfindən işlənəcək. Bu sahədə fəaliyyət göstərən şirkətlərin uçot qeydiyyatı, həmçinin hesabatlılıqla bağlı problemlər var. Bunu elə təşkil etmək lazımdır ki, iki vergi tətbiqinə gətirib çıxartmasın. Bu yolla məhsulun da bahalaşmasına səbəb olmasın. Qiymətlər artsa, artıq vətəndaşlar elektron ticarətə marağını itirəcək".
 
Ekspertin sözlərinə görə, elektron ticarətə vergi tətbiqi xarici ölkələrdə də mövcuddur: “Əksər ölkələrdə belə əməliyyatlar vergidən kənarda qalmır. Lakin ayrı-ayrı ölkələrdə müxtəlif yanaşmalar var. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrlə, inkişaf etmiş ölkələrdə vəziyyət fərqlidir. Çünki inkişaf etmiş ölkələrdə elektron ticarət ümumilikdə ticarətin böyük bir hissəsini əhatə edir. Bizdə isə bu sahə hələ yeni formalaşır. Bu nəzərə alınmalıdır”. /

Google+ WhatsApp ok.ru