Erməni deputatdan Sarkisyana çağırış

“Ermənistan prezidentinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tövsiyə və arzu edirəm”

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində keçirilən Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında Ermənistan nümayəndə heyəti “Helsinki+40: məqsəd hər bir insana təhlükəsizlik” qətnaməsinə təklif edib.
 
Təklif Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan tərəfindən səsləndirilib.
 
Ermənistanın qətnaməyə 38-ci düzəlişini səsləndirən erməni deputat əvvəlcə Azərbaycanı ittiham edib, daha sonra isə Serj Sarkisyana da müraciət edib: "Bu günlərdə Serj Sarkisyanın 60 illik yubileyi olacaq. Biz arzu edirik ki, o, heç olmasa bu yaşda problemi həll edə bilsin. Mən Ermənistan prezidentinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tövsiyə və arzu edirəm”.
 
Ermənistanın təklif etdiyi 38-ci düzəliş belədir: “Helsinki Yekun Aktında “millətlərin öz hüquq və müqəddəratının təyini”nin “sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığı, mübahisələrin sülh yolu ilə tənzimlənməsi prinsipləri” ilə bərabər əksini tapmasını özündə əks etdirsin”.
 
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə Ermənistan nümayəndə heyətinin üzvünə etirazını bildirib: "Biz Ermənistan tərəfinin fikrini əsaslandırmaq üçün Azərbaycan tərəfini ittiham etməsini qəbul edə bilmərik. Əgər Helsinki Yekun Aktının prinsiplərinin hamısı ardıcıl olaraq qəbul olunursa, biz lehinəyik, yox əgər bunlardan ancaq biri, özü də sərhədlərin pozulmasını, suverenliyi nəzərə almadan qəbul olunursa, biz bunun əleyhinəyik”
 
Təklif olunan düzəliş səsə qoyularaq qəbul edilib.

Google+ WhatsApp ok.ru