Fitch: Azərbaycanda orta illik inflyasiya 9 faiz olacaq

Fitch: Azərbaycanda orta illik inflyasiya 9 faiz olacaq

2017-ci ildə Azərbaycanda orta illik inflyasiya 9 faiz olacaq. Proqnozu “Fitch” beynəlxalq reytinq agentliyi verib. 
 
Agentliyin mütəxəssisləri 2018-ci ildə orta illik inflyasiyanın 5 faizədək geriləyəcəyini qeyd edirlər: 
 
“2016-cı ildə orta illik inflyasiya 12,4 faiz olub. Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu il orta illik inflyasiya 7,3 faiz olacaq. 2017-ci ildə  manatın dollara nisbətən orta illik məzənnəsi 1,76, 2018-ci ildə 1,7 səviyyəsinə enəcək: 
 
“2017-ci ildə neftin 1 barelinin orta qiyməti 45, 2018-ci ildə isə 55 dollar olacağı gözlənilir”. 
 
İqtisadçı Nazim Bəydəmirli Meydan TV-yə beynəlxalq reytinq agentliklərinin hökumətin proqnozlarının kiçik şəkildə fərqini elan etdiklərini deyib. O açıqlanan proqnozun hökumətin açıqladığı rəqəmlərə uyğun gəldiyini bildirib:  
 
"Bu baxımdan beynəlxalq reytinq agentliklərinin Azərbaycanda analiz aparmaq imkanlarının olduğunu güman etmirəm. Dəfələrlə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi qurumlar bəzi proqnozlarını ildə 1-2 dəfə dəyişməyə məcbur olurlar. Deməli, Azərbaycanda iqtisadi situasiya haqda tam dəqiqiliklə proqnoz vermək mümkün deyil”.
 
İqtisadçı bildirir ki, proqnoz statistika açıq, Gömrük Komitəsinin hesabatları şəffaf olanda, Mərkəzi Bankın tədiyyə balansı hər ay açıqlananda dəqiq olacaq: 
 
“Gömrük qiymətlərinin bir neçə dəfə dəyişdiyi, yaxud obyektiv və subyektiv səbəblərdən kifayət qədər yayınmalar haqda jurnalist araşdırmaları olub. Güzgü statistikasıyla bağlı sübut olunub ki, əsas ticarət tərəfdaşlarımız olan dövlətlərlə aramızda çox dərin fərqlər var. Həm də müxtəlif tələbat mallarıyla əlaqədar bazarlarda və dükanlarda monitorinq aparanda elan olunan inflyasiya ilə reallıq arasında kifayət qədər fərq olur”.
 
Nazim Bəydəmirli bunun səbəbini ayrı-ayrı qurumların öz işlərini yaxşı göstərmələrində görür. Həmişə doğru olmayan statistikanın əsasında proqnoz verənlər Azərbaycan tipli ölkələrə gələndə hesabatlarını korrektə etməyə məcbur olurlar. 
 
Manata inamı artırmaq üçün nə etməli?
 
Nazim Bəydəmirli manata etibarı artırmaq üçün hansı addımların atılması barədə sualımızı da cavablandırıb. Bildirib ki, son iki devalvasiyadan öncə Mərkəzi Bank rəhbərliyi və hökumət rəsmiləri əhaliyə təlaşa düşməmək barədə çağırışlar etdi. Bu açıqlamalar sonradan özünü doğrultmadı. Nəticədə manata etibar tamamilə itdi: 
 
“İnsanlarda milli valyutaya etibarı bərpa etmək üçün dərin iqtisadi islahatlar aparılmalıdır. İlk növbədə iqtisadi fəaliyyət stimullaşdırılmalı və  inhisarçılıq aradan qaldırılmalıdır. Məmur sahibkarlığına son qoyulmasa nəticə olmayacaq”.
 
İqtisadçı deyir ki, qərarlara təsir etmək imkanı olan nazirlər, komitə sədrləri müxtəlif mexanizmlərlə sahibkarlığı boğurlar. Sahibkarlığa Yardım Milli Fondu tərəfindən aşağı faizlə verilən vəsaitlərin iri holdinq sahiblərinin sərəncamına keçməsi hamıya bəllidir: 
 
“Bunların isə real sahibkarlıqla heç bir əlaqəsi yoxdur. Belə olan şəraitdə sahibkarların biznes mühitinə etibarı aşağı olacaq. 2012-ci ildə metal istehsalçılarına, daş karxanalarına təzyiq oldu. Yaxud Sumqayıtda abadlığa töhfəsini verən 10-15 sahibkar qoyduqları yatırımı çıxarda bilmədi. Bunlar bölgələrdə biznes mühitinə inamı öldürür”.
 
Nazim Bəydəmirli deyir ki, kommersiya sirri olsa da, böyük investisiya layihələrini udan şirkətlər ödədikləri vergiləri açıqlamağa məcburdurlar, amma etmirlər. Yaxud Ukraynada keçirilən biznes foruma 40-dan yuxarı sahibkar gedib, kimdir onlar, niyə konkretləşmir? Bütün bu kimi problemlər aradan qaldırılmayınca, yaxşı heç nə olmayacaq: 
 
“Bəli, xaricdə çoxlu valyuta ehtiyatlarımızın olduğu deyilir. Amma kredit resursları çox baha olduğundan yerli sahibkar bundan faydalana bilmir. Beləliklə, onlar yüksək faizli kreditlər götürməyə məcbur olur. Nəticədə proses mənfiyə doğru gedir və real gəlirlər azalır”.(meydantv)
 
 

Google+ WhatsApp ok.ru