Gələn ilki büdcəylə bağlı qorxulu proqnoz

Maide.az xəbər verir ki, "Bizim yol" Azərbaycanda gözlənilən bahalaşmadan yazır.
 
Məqalədə deyilir ki, 2016-cı il dövlət büdcəsi zərfində göstərilənə görə, dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflər iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılacaq.
 
İqtisadçı-ekspert Natiq Cəfərli qəzetə söyləyib ki, bahalaşma qaçılmazdır: «Büdcə sənədi göstərilənlərin məntiqi yanaşması, bahalaşmanın ola biləcəyini deyir. Eyni zamanda, nəqliyyatda gediş haqları ilə bağlı məsələ də gündəmə gələ bilər. Nazir bir neçə dəfə açıqlama verib ki, indiki qiymətlər onların xərcini ödəmir, maya dəyərindən aşağı xidmət göstərirlər. «Azərsu», «Azərenerji», SOCAR-ın tərkibində olan «Azəriqaz» da eyni tələbi qoya bilər».
 
İqtisadçı əlavə edib ki, bu gün əsas problemlərdən biri dövlətin təbii inhisarçı şirkətlərinin səmərəsiz və qeyri-effektiv fəaliyyət göstərmələridir: «Təbii ki, bunun da sonunda «cəzası» əhaliyə kəsilir, idarəetmədə olan problemlərin həll edilməsi üçün əhali daha çox cibindən xərcləməli olur. Büdcə zərfində yer almış sözügedən fikir bahalaşma ehtimalını bir qədər də yüksəldir. Gələn il ictimai nəqliyyatda gediş haqlarında, daha sonrakı mərhələlərdə kommunal xidmətlərdə bahalaşmanı görə bilərik. Metroda gediş haqlarının bahalaşması ehtimalı daha böyükdür, çünki iki ildir ki, bu istiqamətdə söhbət gedir».
 
Digər ekspert Akif Nəsirliyə görə, hökumət çalışacaq ki, qiymətlərin birbaşa bahalaşmasını cilovlasın: «Bu, həm də siyasi məsələ ilə bağlı məqamdır. Xaricdən təzyiqlərin artdığı bir vaxtda daxildə narazı kütlənin artması hökumət üçün arzuolunan deyil. Mümkün qədər qiymətlərin artırılmasına getməyəcəklər. Düşünürəm ki, qiymətləri gələn ilin birinci yarısına kimi saxlamaq mümkün olacaq».

Google+ WhatsApp ok.ru