Gömrük qoyunu 23, inəyi isə 256 dollar bahalaşdırıb

Diqqət, hökumət məcburiyyət qarşısında qalaraq bizim tənqidlərdən azacıq da olsa nəticə çıxarmağa başlayıb. Belə ki, uzun müddətdir ki, ölkəyə idxal olunan ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxal dəyərinin süni şəkildə azaldığını, külli miqdarda maliyyə vəsaitinin mənimsənildiyini, vergidən yayınma hallarına yol verildiyini deyirdik. Təvazökarlıqdan uzaq olsa da biz bu kimi neqativ halların olduğunu faktlarla subut edirdik.
 
Gömrük Komitəsinin məmurları isə susurdu. Bu günlərdə Dövlət Statistika Komitəsi (DSK) “Turan”a bildirildiyinə görə, Gömrük Komitəsi bu ildən iribuynuzlu mal-qaranın bəyannamə qiymətinə daha ciddi yanaşmağa başlayıb. “Əgər 2014-cü ilin yanvar-sentybarında 85 min baş idxal inəyi və buzovu gömrükdə orta hesabla 216,7 dollara bəyan edilibsə, bu il bu göstərici 473,3 dollar olub. Bu ildən bir qoyun 23 dollar baha (89 dollar) qiymətə idxal olunur.” Sual olunur, görəsən, nəyə görə DSK 2013-cü ildə ölkəyə idxal olunan heyvanların bəyannamə qiymətinə toxunmayıb?
 
Xatırladım ki, 2013-cü ildə Gürcüstandan ölkəmizə 3273,4 min dollar dəyərində 109435 baş diri iribuynuzlu ev heyvanları, 1861,2 min dollar dəyərində isə 159376 baş diri qoyunlar idxal olunub. Ölkəyə gətirilən hər bir baş diri iribuynuzlu heyvan alış, daşınma, sığorta və sair xərclərlə birlikdə 29 dollar 91 sentə, diri qoyun isə 11 dollar 67 sentə başa gəlib. Həmin ilin valyuta məzənnəsi ilə hesablayanda bir diri iribuynuzlu heyvanın idxal dəyəri 24 manata (3 kiloqram mal əti qiymətinə), bir diri qoyun isə 9 manata (900 qram qoyun əti qiymətinə) sənədləşdirilib. Beləliklə, bizim tənqidlərdən sonra Gömrük Komitəsi bu ildən iribuynuzlu mal-qaranın bəyannamə qiymətinə daha ciddi yanaşmağa başlayıb. Çox gözəl, deməli bizim tənqidlərdən sonra ölkəyə idxal olunan hər bir baş xırdabuynuzlu heyvanın idxalından dövlət büdcəsinə çatacaq dövlət rüsumu 7,6 dəfə, iribuynuzlu heyvanların idxalından isə 14,5 dəfə artıb. Qoy bu da bizim dövlət büdcəsinə verdiyimiz töhvə olsun. Onu da qeyd etməliyəm ki, bu son deyil, basqılara baxmayaraq araşdırmalar davam edəcək.
 
Vahid Məhərrəmov
Kənd təsərrüfatı eksperti 

Google+ WhatsApp ok.ru