''Güzəştli kreditlər ehtiyacı olmayanlara verilir''

“Dövlət tərəfindən əkinçiyə qayğı yoxdur. Guya güzəştli kredit verir. Bu da sözdədir, vermirlər. Şəxsən mən onu ala bilmirəm”, - deyir İmişlinin Mirili kəndindən olan fermer Mərdəli Məmişov.
 
“İlboyu qazandığımızın hamısı faizə gedir”
 
Fermer bizimyol.info-ya onu da deyib ki, xırda sahibkarlar güzəştli kreditlərdən istifadə edə bilmirlər: “Məcburuq özəl bankların, bank olmayan kredit təşkilatlarının üstünə gedək. İllik 40 faizə kredit götürürük. Bu da sərf etmir. Kimə sərf edər ki? İl boyu qazandığımızın hamısı faizə gedir”.
 
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna büdcədən hər il müəyyən vəsaitlər ayrılır. Məsələn, 2012-ci ildə fonda 616 654 min manat, sahibkarlığın inkişafı ilə bağlı xərclər bölümünə isə 90 milyon 90 min manat ayrılıb. 2013-cü ildə bu rəqəm 624 233,0, 2014-cü ildə 640 034,0, 2015-ci ildə isə 731 949,0 min manatdır.
 
Ayrılan vəsaitlərin sahibkarlığın inkişafına xeyri dəyirmi?
 
Mərdəli Məmişov deyir ki, dövlətin verdiyi güzəştli kreditlərdən iri zavodu, fabriki, ferması olanlar istifadə edə bilir: “Hansı ki, bu kreditlərə ehtiyacları yoxdur. İnanın ki, bu prosesdə biz kənarda qalırıq”.
 
“Burada da nəzərdə tutulanla reallıq arasında ciddi fərqlər yarandı”
 
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, əslində Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu hər il büdcədən ona ayrılan vəsaitləri yardım məqsədilə fermerlərə, sahibkarlara verməlidir. Ancaq indiyə qədər verilən yardımın hamısı bir neçə iri şirkətlərə yönləndirilib:
“Əslində fond xırda və orta sahibkarlara dəstək olmalıydı. Çünki ordan götürülən kreditlərin faiz dərəcələri çox aşağıdır. Krediti maksimum illik 7 faizlə verirlər. Hətta bəzi hallarda kredit müqaviləsi 2-3 il faiz ödəmədən bağlanır. Əslində bu, iş görmək üçün çox yaxşı platforma idi. Ancaq təəssüf ki, bir çox şeylərdə olduğu kimi burada da nəzərdə tutulanla reallıq arasında ciddi fərqlər yarandı”.
 
“Güzəştli kreditlər 27 mindən çox yeni iş yerlərinin yaradılmasına imkan verir”
 
“2014-cü ilin ötən dövrü ərzində respublika üzrə sahibkarlıq subyektlərinin 3859 investisiya layihəsinin maliyyələşdirilməsinə 262,7 milyon manat güzəştli kredit verilib", - bunu trend-ə açıqlamasında Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib. Onun sözlərinə görə, bu kreditlər hesabına 10 900-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulub:
 
"İndiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6860 investisiya layihəsinin maliyyələşdirilməsinə 313,9 milyon manat güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlər 27 mindən çox yeni iş yerlərinin yaradılmasına imkan verir".
 
“Hökumət, bu sahədə şəffaflıq göstərmədi”
 
“Məsələ burasındadır ki, açılan iş yerləri, iqtisadiyyatın qazancı və s. ilə bağlı hökumət hər hansı bir açıqlama vermir”, - deyir Natiq Cəfərli. Onun sözlərinə görə, fond bu günə qədər 100 milyonlarla vəsaiti kredit şəklində verməsinə baxmayaraq, bu kreditlərin geri dönüşünün nə vəziyyətdə olduğu, Azərbaycan Respublikasının iqtisadiyyatına hansı xeyri gətirdiyi haqqında hökumətin digər aidiyyatı qurumları ortalığa hər hansı bir hesabat qoymayıblar:
 
“Əslində, bu proseslərin hər biri hesabatlı olmalı idi. Yəni, hər il verilmiş kreditlərin geri dönüşü, nə qədər iş yerlərinin yaradılması, iqtisadiyyata nə qədər xeyir gətirməsi, nə qədər vergi artımının müşahidə olunması və s. ilə bağlı hesabatlar verilməli idi. Bunun əsasında yeni kredit müqavilələri, yeni istiqamətlərin müəyyən olunmasına qərar verilməliydi.
 
Fonda müraciət edən sahibkarlarla bağlı məlumat yoxdur
 
Sahibkarlığa Dəstək Milli Fondunun 2012-ci ildəki illik hesabatında da güzəştli kreditlərin verilməsi ilə bağlı xüsusi bənd var. Ancaq nə bu hesabatda, nə də qurum rəhbərlərinin açıqlamalarında həmin güzəştli kredit üçün müraciət edən sahibkarların, onların təmsil etdikləri sahibkarlıq müəssisələrinin adları var. Fondun hesabatındakı "sahibkarlıq subyektlәrinә verilmiş dövlәtin güzәştli kreditlәr" bölümündə deyilir ki, dövlət 2012-ci ildә 2 419 sahibkarlıq subyektinә 218 milyon manat güzәştli kredit verib. Bu kreditlәr hesabına 9100-dәk yeni iş yerinin yaradılması nәzәrdә tutulub. 2012-ci ildә Sahibkarlığa Kömәk Milli Fondunun vasitәsilә dövlәtin güzәştli kreditlәrini almaq mәqsәdilә sahibkarlıq subyektlәri tәrәfindәn 38 müvәkkil kredit tәşkilatına ümumilikdә 2602 müraciәt daxil olub. Müvәkkil kredit tәşkilatları tәrәfindәn müraciәtlәrin 2579-u müsbәt qiymәtlәndirilib. Müraciәtlәr üzrә ümumi kredit tәlәbatı 241 719.5 min manat, o cümlәdәn müsbәt qiymәtlәndirilmiş müraciәtlәr üzrә 239 356.5 min manat, imtina olunmuş müraciәtlәr üzrә 2363 min manat olub".
 
“Hökumətin kənd təsərrüfatına etdiyi güzəştlərin əhatə dairəsi məhduddur”
 
İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, sadə kəndli nə güzəştli kreditlərdən, nə də sahibkarlara kənd təsərrüfatı istehsalçılarına tətbiq olunan vergi güzəştlərindən istifadə edə bilir:  “Hökumətin kənd təsərrüfatına etdiyi güzəştlərin əhatə dairəsi məhduddur. Oliqarx məmurlar və onların ətrafındakı insanlar başlayıb bölgələrdə iri meqafermalar, fermer təsərrüfatları yaratmağa. Hökumət də həmin "sahibkarlara" Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə böyük vəsaitlər ayırır. Həmin müəssisələr həm hökumətin vergi güzəştlərindən, həm də güzəştli kreditlərdən istifadə edir”.
“İş kökündən yalnış qurulub”
 
Eksperlər hesab edirlər ki, hökumətin kənd təsərrüfatına etdiyi güzəştlərdən kiçik və orta fermerlər yararlana bilmir. Natiq Cəfərli deyir ki, ayrılmış vəsaitlərin böyük bir hissəsi bir neçə şirkətin iri layihələrinə kredit şəklində verildi. Orta və kiçik sahibkarlar üçün dəstəyə çevrilmədi: “Bu da işin kökündən səhv olduğunun göstəricisidir. Bu günə qədər də ayrılmış vəsaitlərin neçə faizinin geri qayıtması, illər ərzində nə qədər iş yerlərinin açılması, həmin vəsaitlərin nə işə yaraması ilə bağlı Azərbaycan hökumətinin hər hansı hesabatı, məlumatı yoxdur. Bu da sübut edir ki, iş kökündən yalnış qurulub”. meydantv/
 

Google+ WhatsApp ok.ru