Hakimiyyət ofşorlardakı pulları niyə qaytarmaq istəyir

Әli Kərimli: `Bəlkə səbəbi Novruz Məmmədovun “Bizə elə kütləvi hücum başlayıb ki...” bəyanatında axtaraq?`

Azərbaycanda offşor zonalardan kapitalın geri qaytarılmasını nizamlayan (deoffşorizasiya) qanun layihəsi üzərində işlənir. Fineco.az agentliyinin yaydığı məlumatda deyilir ki, artıq maliyyə offşorlarında yerləşdirilmiş kapitala aministiya verilməsinin hüquqi əsasları işlənib hazırlanır.
 
Hələlik təfərrüatlar məlum olmasa da hakimiyyətin offşor zonalardan pulların geri qaytarılmasına imkan yaradan qanun layihəsi üzərində işləməsi ciddi iqtisadi hadisədir.
 
Belə ki, son illər dünyada müşahidə edilən offşorlaşma kampaniayasından Azərbaycan da kənarda qalmayıb. Dünyanın vergi cənnətləri kimi tanınan offşor zonalara Azərbaycanda da milyardlarla dollar kapital axıb. Oliqarxlar bizneslərini offşor zonalarda qeydiyyatdan keçiriblər və beləliklə vergidən azaddırlar.
 
Ancaq indi neft gəlirlərinin azaldığı, ölkədə müəyyən iqtisadi çətinliklərin müşahidə edildiyi vaxtda offşor zonalardan kapitalın geri qaytarılmasına imkan yaradan, yəni maliyyə amnistiyasını nəzərdə tutan qanunun qəbulu rasional addım ola bilərdi.
 
Məsələyə münasibət bildirən “Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu qanunun beynəlxalq məsələlər çərçivəsində qəbul olunduğunu söyləyir. M.Əliyev Azərbaycanın bir sıra beynəlxalq maliyyə qurumlarının üzvü olduğunu deyərək ölkənin götürdüyü öhdəliklər baxımından bu məsələnin bir tələb olduğunu bildirir. Mehman bəyə görə burada qanuna zidd bir məsələ yoxdur.ÿ
 
Qeyd edək ki, Britaniya parlamentinin himayəsiylə 2003-cü ildə yaradılan və mərkəzi ofisi Londonda yerləşən “Taxe Custice Network” (“Ədalətli Vergi Sistemi”) qeyri-hökumət təşkilatı bir neçə il əvvəl “The Price of Offshore Revisited” (“Offşor zonaların qiyməti”) adlı hesabatında Azərbaycan hakimiyyəti ilə bağlı şokedici rəqəmlər açıqlamışdı. Təşkilatın hesabatının keçmiş sovet, indiki MDB ölkələrindən bəhs edən hissəsində 1993-2010-cu illər aralığında MDB ölkələrindən offşor zonalara ümumilikdə 1,1 trilyon dollar çıxarıldığı qeyd olunmuşdu.  
 
“Taxe Custice Network” təşkilatının hesabatında bildirilirdi ki, Qafqaz və Mərkəzi Asiya ölkələri arasında 1993-2010-cu illərdə ən çox pul Azərbaycan və Qazaxıstandan çıxarılıb. Nazarbayevin rəhbərlik etdiyi ölkədən offşor zonalara 138 milyard dollar daşınıb. Özbəkistandan 23, enerji ehtiyatları ilə zəngin Türkmənistandan 3,4, Tacikistandan 2,4 milyard dollar çıxarılıb.
 
Azərbaycanın yerləşdiyi Qafqaz regionundan çıxarılan pulun miqdarına görə isə ölkəmiz rekord göstərici ilə birinci yerdədir. Hesabatda deyilirdi ki, 1993-2010-cu illər aralığında Azərbaycandan ofşor zonalara 48 milyard dollar pul ötürülüb. 
 
Hakimiyyətin bu pulları geri qaytarmasına çalışması bəzi mülahizələrə yol açıb. Birinci ehtimal odur ki, Azərbaycan hökuməti 48 milyard dolların əldən çıxacağından ehtiyat edir. Hazırda insan haqları sahəsində vəziyyətin dözülməz olduğuna görə Azərbaycan hakimiyyətinə sanksiyalar tətbiq edilməsi gündəmdədir. Mümkündür ki, hökumət maliyyə sanksiyalarının offşor zonalardakı kapitala da tətbiq edilə biləcəyindən ehtiyat edir.
 
Başqa bir versiyaya görə isə hökumət “oliqarx ovu”nun Azərbaycanda biznes mühitinə, investisiya yatırımına ciddi zərbə vuracağanın və nəticədə iqtisadi böhranın dərinləşəcəyinin fərqindədir. Hökumət düşünür ki, offşor zonalardakı kapitalı ölkəyə yönəltməklə müəyyən qədər vəziyyətdən çıxmaq olar.
 
Qeyd edək ki, bir müddət əvvəl Rusiya belə bir qanun qəbul etmişdi. 
 
Mövzu ilə bağlı AXCP sədri Əli Kərimli facebook səhifəsində status paylaşıb. Ə.Kərimli statusunda yazır: "Nəhayət, ölkədən çıxarıb ofşor zonalarda yerləşdirdikləri pullardan xəbər var. Yox, pulu bu saat qaytarmırlar. Hətta qaytarsalar da xalqa isti-soyuğu az olacaq. Amma hər ehtimala qarşı həmin pulları leqallaşdırıb, ölkəyə gətirməyə hazırlaşırlar. Xüsusi qanun da sifariş veriblər artıq. Sizcə, niyə? Axı hazırda ölkəmiz kapital qoyuluşu üçün heç də uyğun yer deyil. Bəlkə, söhbət Novruz Məmmədovun bildikləri ilə bağlıdır. Xatırladım ki, 2-3 həftə əvvəl Novruz Məmmədov beləcə də demişdi: “Bizə elə kütləvi hücum başlayıb ki... Bildiklərimizin hamısını sizə desək, heyrətə gələrsiniz”.

Google+ WhatsApp ok.ru