Hakimiyyətin yeni korrupsiya layihəsi

Böhranın dərinləşdiyi vaxtda Mərkəzi Banka 141 metrlik yeni inzibati bina tikirlər

Avropa Oyunları bitəndən sonra Mərkəzi Bankın yeni inzibati binasının inşası bərpa edilib. Qeyd edək ki, Nazirlər Kabinetinin 2011-ci ildə verdiyi sərəncamla Mərkəzi Bank üçün yeni inzibati bina tikilməsi məqsədilə Heydər Əliyev prospektində torpaq sahəsi ayrılıb. Bir müddət sonra binanın tikintisinə başlanılıb. Lakin Avropa Oyunları ərəfəsində tikinti işləri dayandırılmışdı.
Məlumat üçün deyək ki, Mərkəzi Bankın yeni inzibati binasının hündürlüyü 141 metr olacaq. Nəzərə alsaq ki, hündürlüyü 126 metr olan Dövlət Neft Fondunun binası 85 milyon manata başa gəlib, o zaman Mərkəzi Bankın yeni binasına 100 milyon manatdan artıq vəsait xərclənəcəyi söyləmək olar. Mərkəzi Bankın hazırki binası 1998-ci ildə istifadəyə verilib. Yeni binaya zərurət işçilərin sayı ilə izah edilir. Rəsmi məlumatlara görə, Mərkəzi Bankın hazırki binası 200 nəfər üçün nəzərdə tutulub. Amma indi bankın əməkdaşlarının sayı artaraq 500 nəfərə çatıb.
Lakin ekspertlər iri infrastruktur layihələrin hakimiyyət üçün korrupsiya mənbəyi olduğunu əsas gətirərək Mərkəzi Banka yeni inzibati binanın zərurətini də bununla izah edirlər. Ekspertlər həmçinin bildirir ki, xüsusilə indiki şəraitdə, neftin ucuzlaşması ilə iqtisadi böhranın yarandığı, iş yerlərinin qapandığı, dövlət qurumlarında kütləvi ixtisarların olduğu, neft pullarının tükəndiyi bir vaxtda bu cür layihələr yolverilməzdir.(Azadlıq)

Google+ WhatsApp ok.ru