Hakimiyyət “səfir üsyanı”ndan təşvişə düşüb

«Diplomatik sürgün»ə göndərilmiş sabiq məmurlar geri çağırıla bilər

Azrbaycan hakimiyyəti vaxtilə yüksək vəzifə tutmuş sonradan isə “diplomatik sürgün”ə göndərilmiş səfirləri geri çağırmağa hazırlaşır. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, prosesə seçkiyə az qalmış vaxtda start verilə bilər.
Məlumatda bildirilir ki, hakimiyyətin bu addımı “Arif Məmmədov olayı” ilə bağlı narahatlıqdan qaynaqlanır. Arif Məmmədov Azərbaycanın Avropa Şurası və Avropa Birliyində təmsilçisi olub. O, bu il mayın 19-da Azadlıq prospektində 16 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı “Facebook” səhifəsində yazdığı statusdan sonra hədəfə gəlib. Arif Məmmədov bu hadisəyə görə məmurları ittiham edib. Hakimiyyətdən onun yazdıqlarına sərt reaksiya gəlib. Iqtidarın nəzarətində olan media bunu Xarici Işlər Nazirliyində (XIN) qiyam kimi dəyərləndirib. Bundan sonra Arif Məmmədov hakimiyyətlə bağlı daha kəskin tənqidlər səsləndirib. Bundan sonra iqtidar mətbuatı Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovu da bu məsələyə görə ittiham edib. Səfirin Arif Məmmədovla birgə dövlət çevrilişi planı hazırladığı barədə iddialar irəli sürülüb.
Bütün bunlar Azərbaycan hakimiyyətinin Arif Məmmədovun yazdıqlarından ciddi təşvişə düşdüyünü, Qərblə qarşıdurmada olduğu dövrdə bu faktı hansısa planların tərkib hissəsi kimi qiymətləndirdiyini ortaya qoydu. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, iqtidar hələ də bu qənaətdədir və səfirlərin üsyan edə biləcəyini ehtimal edir. Bu sırada xüsusilə vaxtilə yüksək vəzifədə olmuş, “vurulandan” sonra xarici ölkələrə səfir göndərilmiş şəxsləri potensial qiyamçı kimi görür. Ona görədə güvənmədiyi səfirləri geri çağırmaq və bununla baş verə biləcək təhlükəni indidən atlatmaq istəyir.(Azadlıq)

Google+ WhatsApp ok.ru