Hesablama Palatası “Azərenerji” ASC-də yoxlama aparacaq

Hesablama Palatası Kollegiyasının iclası keçirilib.
 
APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsindən Abşeron rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit tədbirinin nəticələri barədə hesabat və rəy müzakirə olunaraq müvafiq qərar qəbul edilib.
 
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumuna göndərilməsi, eyni zamanda audit tədbirinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
 
Kollegiya iclasında eyni zamanda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan “Azərenerji” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, dövlət büdcəsindən Respublika Neyrocərrahiyyə Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsindən Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub.

Google+ WhatsApp ok.ru