Hökumətin 100 manatlıq ev vədinə inanaqmı?

``Sosial evlər` modeli hərtərəfli hazırlıq və böyük resurs tələb edir, amma bu addımı atsalar belə, yenə də onların verilməsində korrupsiya, rüşvət olacaq`

Dövlət başçısı Ilham Əliyevin sosial ipotekanın həcminin artırılması və vəsaitlərin verilməsi mexanizminin təkminləşdirilməsi barədə müvafiq qurumlara tapşırıqlar verdiyi barədə məlumatlar dərc olunmaqdadır. Mərkəzi Bank və Ipoteka Fondu ilə yanaşı, təkminləşdirilməsi və əhatəsinin genişləndirilməsi məqsədi ilə yeni layihə hazırlayıb.
 
Vergilər Nazirliyindən verilən  məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı yeni təkliflər paketində mənzilə ehtiyacı olan ailələrin problemlərinin həlli məqsədi ilə kredit faizlərinin aşağı salınması, aylıq ödəniş məbləğinin azadılması və ipotekanın regionlarda geniş tətbiqi əks olunub. Komitənin sədr müavini Sədaqət Qəhramanova bildirib ki, təkliflər hazırlanarkən beynəlxalq maliyyə-bank təşkilatlarının təcrübəsi və bu sahə üzrə tanınmış xarici ekspertlərin rəyləri nəzərə alınıb.
 
MB Idarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, yaxın günlərdə hökümətə təqdim olunacaq sənəddə nəzərdə tutulan mühüm məsələlər sosial ipoteka şərtlərinin yüngülləşdirilməsi, faiz dərəcələrinin aşağı salınması və ilkin ödəniş şərtlərinin asanlaşdırılmasıdır.
 
Adi ipoteka kreditləşməsinin genişləndirilməsi üçün əlavə bazar mənbələrinin cəlbi, yeni ipoteka məhsullarının yaradılması zəruridir. Yeni strategiya çərçivəsində əhalinin öz yığmaları hesabına birbaşa ipoteka ilə mənzil alınması da məqsədəuyğun hesab olunur.
 
“Aylıq ödənişlər nə qədər olacaq?”
 
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə yeni proqrama sosial evlər modelinin tətbiqi ilə bağlı layihənin daxil edilməsinin vacib saydığını bildirib. Millət vəkili vurğulayıb ki, sosial ipoteka kreditlərinin verilməsinə baxmayaraq, ehtiyacı olan minlərlə ailənin mənzil ehtiyacını həll etmək mümkün olmur. Ipoteka kreditlərini ödəməyə gənc ailələrin əksəriyyətinin imkanı çatmır, orta aylıq əməkhaqqı həcmində maaş yalnız onların aylıq istehlak xərclərinə kifayət edir. Buna görə də ipoteka kreditləri üçün aylıq ödənilən məbləğdən 2-3 dəfə aşağı həcmdə ödənişlə mümkün olan sosial evlər layihəsinin rellaşdırmaqla on minlərlə insanın mənzil problemini həll etmək mümkündür.
 
“Dövlət birbaşa investordur”
 
Sosial evlər layihəsində dövlət birbaşa investor kimi çıxış edir və evlər mühüm proqram çərçivəsində tikilir. Bu zaman tikinti-quraşdırma və təmir xərcləri özəl şirkətlərlə nisbətdə iki dəfə ucuz başa gəlir və mənzillərin dəyəri real bazar qiymətindən xeyli aşağı olur. Məsələn, 75  kvadratmetrlik təmirli mənzilin dəyəri 30-35 min manat təşkil edir. Həmin qiymətə uyğun 20-25 illik ödəmə cədvəli tərtib olunur. Nəticədə aylıq 100-150 manat ödəməklə insanların mənzil təminatı həll edilir.
 
Millət vəkili bildirib ki, Milli Məclisin payız sessiasında sosial mənzillərin tikilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılacaq.
 
“Sosial evlər layihəsi nə dərəcədə realdır?”
 
Vaxtaşırı olaraq bu tip bəyanatlar verilsə, layihələr irəli sürülsə də reallıq ondan ibarətdir ki, irəli sürülən təkliflərin hamısı kağız üzərində qalır və gerçəkləşmir. Digər bir tərəfdən aylıq ödəşi 100-150 manat olan evlər  kirayə bazarındakı reallığa uyğun deyil. Çünki paytaxtda evlərin kirayəsi metroya yaxınlığından və şəhərin hansı rayonunda yerləşməsindən asılı olaraq 200-500 manat və bəzən də daha artıq dəyişir. Bu proyektin həyata keçəcəyi və aztəminatlı ailələrin mənzil probleminin çözüləcəyi nə dərəcədə realdır?
 
Mövzu ilə bağlı ekspertlərin rəylərini öyrəndik.
 
“Mənzil bazarında canlanma yarada biləcək layihə, amma...”
 
İqtisadçı Məhəmməd Talıblı "Azadlıq"a bildirib ki, belə bir təklifi parlament üzvü, iqtisadçı Əli Məsimli parlamentdə dəfələrlə səsləndirib. Amma bu ideyanın gerçəkləşdirilməsi istiqamətində heç bir addım atılmayıb. Ekspertə görə, indi isə bu ideyanı reallaşdırmaq istəyi bir neçə səbəblə bağlı ola bilər: “Birincisi, bu addım sosial narazılığın yüksəlməsi və gənclərin sosial müdafiəsindəki problemləri yumşaltmaq məqsədilə atıla bilər. Ikinci səbəb isə, mənzil bazarında hazırda yaşanan durğunluqla, mənzilləri heç olmasa yumşaq şərtlərlə satmaq məcburiyyəti ilə bağlıdır. Belə yumşaq şərtlərlə mənzil satışına nail olmaqda məqsəd daşınmaz əmlak bazarında yerindən tərpənməyə nail olmaqdır. Süstlüyü dinamizmlə əvəzləndirməkdir. Mənzillərin satılmamağındansa, heç olmasa əlverişli və uzun müddətli zaman kəsiyi üçün satmaq daha əlverişlidir”.
 
M.Talıblı hesab edir ki, bu ideya gerçəkləşərsə, atılan addım eyni zamanda tikinti sektorunda əlavə tələb formalaşdırır ki, bu da investisiya layihələrinin işlənməsi üçün əsasdır: “Amma mən tikinti şirkətlərinin 20-30 illiyə 100 manatlıq kredit ödənişi müqabilində bu layihəyə qoşulacağına xeyli şübhə ilə yanaşıram. Çünki, ana vəsait onların özünün olsa belə bu şərt onlara sərf etməz. Digər tərəfdən isə dövlət bu sahədə həmin tikinti şirkətləri ilə bağlı heç bir təşviq siyasəti həyata keçirmədiyi halda, bu ümumiyyətlə real görünmür. Ikinci bir tərəfdən isə əgər bu layihəni həyata keçirmək mümkün olması üçün dövlət tikinti şirkətləri üçün maliyyə resursunu təmin etməlidir. Bu isə indiki neft pullarının daxilolmasının azalması fonunda və devalvasiya təhlükəsi olan bir mərhələdə real görünmür”.
 
Ekspertə görə, digər tərəfdən birinci devalvasiya qərarından sonra iqtisadiyyatın özündə bir bahalaşma tendensiyası güclənib. Mal və xidmətlərin qiyməti artıb. Belə bir vəziyyətdə tikinti sektorunda da həm kirayə haqları, həm də mənzillərin qiymətində müəyyən artımlar da var. Daha dəyərli mənzili ucuz qiymətə ipoteka ilə satmağa kim razı olacaq. “Dövlətin isə bu sahəyə maliyyə və digər resurslarla dəstək vermək imkanı olmadığı halda belə bir sosial layihənin həyata keçirməyə məndə çox da böyük inam yoxdur. ”Sosial evlər" modeli elə hərtərəfli hazırlıq və böyük resurs tələb edir ki, bunu uzun müddətli və geniş əhali qrupları üçün həyata keçirmək olduqca çətindir", deyə M.Talıblı vurğuladı.
 
Mövzu ilə bağlı hüquqşünas Müzəffər Baxışovun da rəyini aldıq. Çünki bu tip layihələr şəffaf və normal idarəetməni tələb edir. Hüquqşünas sözlərinə görə, dəfələrlə bəyan olunub ki, telefon, internet tarifləri aşağı salınacaq və ya başqa sosial yönülmü addımlar atılacaq, amma hələlik bu ideyalar reallaşmır: “Amma ola bilsin ki, bu tip layihələri gerçəkləşdirsinlər. Azərbaycan dövlətinin buna potensialı var. Amma bu addımı atsalar belə yenə də həmin ”sosial evlərin" verilməsində korrupsiya, rüşvət olacaq. Qohumların, yaxın adamların irəli çəkilməsi yenə yaşanacaq. Azərbaycanda bunlarsız keçinmək qeyri-mümkündür".
 

Google+ WhatsApp ok.ru