Konstitusiya Məhkəməsinə hüquqşünas mesajı: “Bu, kompromis variantdır”

Hüquqşünas Əkrəm Həsənov: “Banklar, dollarla həmin kreditlər üzrə uçot dərəcəsi istisna olmaqla, bütün faiz və digər gəlirlərindən məhrum edilməlidir”

Konstitusiya Məhkəməsinin dollarla götürülən kreditlərlə bağlı qərarı yubanır. Əksər ekspertlər qərarın bankların xeyrinə olacağından narahatdır. 
 
Məsələ ilə bağlı məhkəmə iclasında yeddi çıxışçıdan dördü vətəndaşların mövqeyini müdafiə edib. Əksər çıxışçılar əhalinin xeyrinə arqumentlər səsləndiriblər. Mərkəzi Bankın təmsilçisi isə hüquqi arqumentlər gətirə bilməyib və ölkənin maliyyə sisteminin çökəcəyinə işarə edib. 
 
Ekspertlər bu qənaətdədir ki, məhkəməyə təzyiq var və bu səbəbdən qərar bankların xeyrinə ola bilər. 
 
Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, Konstitusiya Məhkəməsinə məsələnin hüquqi təhlilini əks etdirən növbəti, ikinci məktubunu göndərib: “Məhkəmənin 7 may tarixli iclasında Mərkəzi Bankın, Bakı Apellyasiya Məhkəməsinin və Milli Məclis Aparatının nümayəndələrinin cəfəng hüquqi arqumentlərinə və Konstitusiya Məhkəməsinə təzyiq etmələrinə münasibət bildirmişəm. Onların əsassız dəlillərini darmadağın etmək üçün başqa yolum yoxdur. Elə yazmışam ki, istənilən absurd əsaslandırmanın cavabını indidən və ətraflı verim ki, yekun qərarda o yer almasın”.
 
Ə.Həsənovun sözlərinə görə, vətəndaşların mövqeyini dəstəkləməyən üç nəfər heç nəyə əsaslanmadan demişdi ki, guya Konstitusiyanın 19-cu maddəsi və Mülki Məcəllənin 439.1-ci maddəsi banklara aid deyil: “Guya kredit münasibətlərində pul ödəniş vasitəsi kimi çıxış etmir və kredit pul öhdəliyi deyil. Bununla xarici valyutada olan kreditlərin qanuni olduğunu göstərmək istəyirlər. Ay nə bilim, kredit münasibətində pul ödəniş vasitəsi deyil, adi əşyadır, ona mülkiyyət hüququ birindən digərinə keçir və s... Sanki digər münasibətlərdə pul əşya deyil və ona mülkiyyət hüququ keçmir. Nədir onda: insan, heyvan, yoxsa bitki..? Bu məntiqlə qarajda duran avtomobil də nəqliyyat vasitəsi deyil, adi əşyadır. Ay nə bilim, məişətdə ödəniş dedikdə nəyinsə qiymətinin ödənilməsi başa düşülür, buna görə də pul yalnız bu halda ödəniş vasitəsidir və sair... Məişət baxışlarını hüquqi müstəviyə keçirirlər, az qala “oğru dünyası”nın dili ilə danışırlar. Eyni məntiqlə deyə bilərlər ki, hərbi xidmətə getməyən kişi, doğmayan isə qadın deyil, amma insandır. Bilmirsən, belə arqumentlərə güləsən, yoxsa ağlayasan”.
 
Ə.Həsənov bildirib ki, o, nəinki qanunvericiliyə, həmçinin KM-in əvvəlki qərarlarına və Mərkəzi Bankın sənədlərinə istinad edərək, bunun tam əksini sübut edir: “Bundan da tutarlı arqument ola bilərmi? Konstitusiya Məhkəməsi və Mərkəzi Bank öz əvvəlki və qüvvədə olan sənədlərini necə danacaq indi..? Belə ki, Konstitusiya Məhkəməsinin əvvəlki qərarlarına görə, kredit pul öhdəliyidir. Mərkəzi Bankın normativ sənədlərinə əsasən isə pul kredit münasibətləri əsnasında da ödəniş vasitəsi qismində çıxış edir. Deməli, xarici valyutada olan kreditlər qanunsuzdur.
 
Buna görə də banklar həmin kreditlər üzrə bütün faiz və digər gəlirlərindən məhrum edilməlidir. Uçot dərəcəsi olan 3,5 faiz istisnadır. Devalvasiya nəticəsində əldə etdikləri 34 faizlə kifayətlənsinlər. Kompromis qərar da məhz budur. Banklar faizlərini itirəcək, əhali isə devalvasiya nəticəsində dollar borclarının manat ekvivalentinin artmasından zərər çəkəcək. Əlbəttə, hökumət bu zərəri yumşalda bilər”.
 
Onun sözlərinə görə, istənilən digər yanaşma ya bankları çökdürəcək, ya da əhalinin vəziyyətini ciddi ağırlaşdıracaq: “Ombudsmanın təklifinə əsasən, banklar həm faizləri itirir, həm də borcu manatın köhnə məzənnəsi ilə geri alır. Əhali həm devalvasiya nəticəsində zərər çəkir, həm də faizləri ödəyir. Başda Mərkəzi Bank olmaqla, həmin 3 şəxs məhz sonuncunu təklif edir və bu zaman Konstitusiya Məhkəməsini açıq-aşkar təhdid etməkdən çəkinmir: nə bilim, bankların xeyrinə qərar verməsəniz, maliyyə sistemi çökəcək, iqtisadiyyat ağır vəziyyətə düşəcək və sair. Sanki ölkə iqtisadiyyatı bankların gəlirlərinin bir qədər azalmasından tam asılıdır. Amma əhalinin vəziyyətinin ciddi pisləşməsindən heç asılı deyil. Mərkəzi Bank manatı emissiya edən qurum ola-ola faktiki dollarlaşmaya rəvac verir. Kimə lazımdır, belə Mərkəzi Bank..?”
 
Ə.Həsənov deyib ki, ən əsası isə digər yanaşma, fərqli qərar qanuna uyğun olmayacaq: “Ümumiyyətlə, hüquq sisteminə, qanunların şərhi qaydasına zərbə vuracaq. Hüquqi sistemi normal olmayan ölkədə iqtisadiyyat, o cümlədən, bank sistemi inkişaf edə bilməz. Konstitusiya Məhkəməsi Mərkəzi Bankın və bankların səhvlərini rəsmiləşdirən və onlara hüquqi don geyindirən orqan deyil. Konstitusiya Məhkəməsi heç nəyə baxmadan yalnız hüququ, qanunun aliliyi prinsipini və məntiqi rəhbər tutmalıdır. Maraqlıdır ki, Mərkəzi Bankı Konstitusiya Məhkəməsində həmişə hüquqşünaslar təmsil edib. Yalnız 19 noyabr 1999-cu il tarixdə hüquqşünasla bərabər Elman Rüstəmov özü də Konstitusiya Məhkəməsinin iclasında iştirak etmişdi və o zaman məhkəmənin qərarı Mərkəzi Bankın əleyhinə, kommersiya banklarının isə xeyrinə olmuşdu. Son iclasda E.Rüstəmov özü yox idi. Amma hər halda, Mərkəzi Bankı hüquqşünas deyil, iqtisadçı təmsil edirdi. Əlbəttə, çox güman ki, Mərkəzi Bankın hüquqşünasları məntiqsiz və qanunsuz mövqeyi özləri səsləndirmək istəməyiblər, utanıblar. Amma inanmaq istərdim ki, bu, həmçinin ədalətli qərarın qəbul ediləcəyinə də bir işarədir”.
 
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin dollarla götürülən kreditlərlə bağlı nə zaman qərar verəcəyi dəqiq məlum deyil.(Yeni Müsavat)

Google+ WhatsApp ok.ru