Korrupsiyaya və səriştəsizliyə qurban gedən milyardlar

Son bir ildə valyuta ehtiyatlarımız 12 milyard azalıb
 
2015-ci ildə Azərbaycanın valyuta ehtiyatları 24,1% azalıb. Bu ilin əvvəlinə ölkə 38 milyard 590,8 milyon dollarlıq valyuta ehtiyatına malik olub. Bunun 33 milyard 574,1 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 5 milyard 16,7 milyon dolları isə Mərkəzi Bankın (ARMB) payına düşüb. Ötən ilin əvvəlində isə valyuta ehtiyatlarının məbləği 50 milyard 862,4 milyon dollar təşkil edib. Bunun isə 37 milyard 104,1 milyon dolları ARDNF-də, 13 milyard 758,3 milyon dolları ARMB-də toplanıb. Başqa sözlə, Azərbaycan 2015-ci ildə valyuta ehtiyatlarının 12 milyard 271,6 milyon dollarını itirib.
 
Göründüyü kimi ölkənin valyuta ehtiyatları sürətlə azalmaqdadır. Son 15 ildə təkcə neftdən ölkəmizə 116 milyard dollar vəsait daxil olub. Bu vəsaitin 78 milyardı yoxa çıxıb. Ona görə “yoxa çıxıb?”deyirik ki, ortada heç bir nəticə yoxdur. Bu 78 dolların qarşılığında heç bir real sektor inkişaf etdirilməyib. Sadəcə olaraq bu pullar müxtəlif yollarla ölkədən çıxarılıb, müxtəlif tikinti layihələri adı altında mənimsənilib, müxtəlif ölkələrdə xeyriyyə tədbirlərinə sərf olunub və s. Hansıki, bu qədər vəsaitlə əlavə bir Bakı şəhəri salmaq olardı.
 
Amma yarıtmaz və acgöz siyasət təkcə 78 milyard dollar əritməklə kifayətlənməyib. Son 1 ildə də 12 milyard 271 milyon vəsait itirilib ki, buda milli valyutanın saxlanılmasına, mənasız tədbirlərə sərf olunub. Nəticə isə budur ki, bu qədər vəsait sərfindən sonra milli valyuta sürətlə dəyər itirib, Mərkəzi Bankın rezervləri 10 milyard azalıb.
 
Beləliklə, 116 milyard neft pulunun heç bir müsbət təsiri hiss olunmayıb. Ölkənin neftdən asılılığı davam edir, xarici borc sürətlə artır, işsizlik səviyyəsi yüksəlir, yerli istehsal yox səviyyəsindədir, bank sektoru iflic vəziyyətə düşüb. Bir daha aydın olur ki, külli miqdarda vəsait yalnız ölkənin tənəzzülünə xidmət edib. Hökumət bu vəsaiti ölkəni çiçəkləndirmək üçün yox, bir qrup ailənin həyatını çiçəkləndirmək üçün sərf edib. Faciə də bundadır ki, ölkəni həqiqi inkişafa qovuşdurmaq üçün geniş imkanlar, böyük potensial olub. Sadəcə olaraq hökumət məqsədli şəkildə bunu etməyib. Bu isə ən böyük dövləti cinayətdir. 116 milyard dolların məhv edilməsi, xalqın sabahının, dövlətin qüdrətinin məhv edilməsidir. Allahın bu ölkəyə bəxş etdiyi sərvətlər, yaramaz bəndələrin tamahına qurban verildi. Bu rəqəmlər həm də onu sübut edir ki, ölkənin bu vəziyyətə düşməsi qlobal böhranla, neftin qiymətiylə bağlı deyil. Bütün bəlaların səbəbkarı, dövlətə obyekt kimi baxan hökumət komandasıdır. azadlıq /

Google+ WhatsApp ok.ru