Kredit `kölələri`

Kredit `kölələri`

"Exo" qəzetində «Azərbaycan vətəndaşları borc köləliyinə gedirlər» sərlövhəli məqalədə problemli kreditlər mövzusu ekspert Oqtay Haqverdiyevlə təhlil edilir.
 
Müəllif yazır ki, maliyyə böhranı Azərbaycanda çoxlarını borc köləliyinə məcbur edib.
 
Ekspert Oqtay Haqverdiyev qeyd edib ki, bu gün Azərbaycanda 2.5 milyon nəfərin borcu var: "Şübhəsiz ki, Azərbaycan əhalisinin maliyyə cəhətcən maarifləndirilməsinə ehtiyac var. Amma insan kredit üçün müraciət edəndə anlamalıdır ki, bunu qaytarmalıdır. Sonradan maliyyə köləliyinə düşməmək üçün elementar hesablamalar aparılmalı, faiz dərəcələri hesablanmalıdır".
 
O.Haqverdiyev deyib ki, indi Azərbaycan vətəndaşlarının bir çoxu yaxınlarından borc istəyə bilmir. Çünki çoxları borc verməyə cəsarət etmir: "Banklardan kredit almaq isə mürəkkəbləşib. Belə ki, vaxtıkeçmiş kreditlərin həcmi artır. Qeyri-bank kredit təşkilatları qalır ki, onlardan krediti daha asan almaq olar. Amma faizlər yüksəkdir. Əgər insan çıxılmaz duruma düşübsə və ona təcili pul lazımsa, bir qayda olaraq, bunu sonra necə qaytaracağını hesablamır".
 
Ekspert deyib ki, qeyri-bank təşkilatları, adətən, irihəcmli kreditlər vermirlər: "Təəssüf ki, Azərbaycanda sosial müdafiə yetərli səviyyədə deyil. Bəzən insanlar tibbi sığorta olmaması üzündən müalicələri üçün belə, banklardan kredit götürürlər. Odur ki, dövlət bu sahədə rolunu gücləndirməlidir".
 
Azərbaycanda vaxtıkeçmiş kreditlərin təqribən 1.5 milyard manat olduğu bildirilir. /

Google+ WhatsApp ok.ru