Kredit kartlarının istifadəsi yasaq olunur

Ölkənin bank sektorunda yaşanan böhran əhalinin ən çox istifadə etdiyi kredit kartlarına da ciddi zərbə vurub. Kart istifadəçiləri alış-veriş üçün getdikləri mağaza və dükanlarda son dönəm bu imkandan da məhrum olublar. Əksər kart sahibləri isə müştəriyə xəbər vermədən fəaliyyət müddəti bitməmiş kartların istifadəsini dondurub və artıq banklar kartın fəaliyyət müddəti yeni bitmiş müştərilərin də müddəti uzatmaq barədə təkliflərini qəbul etmirlər.

Nəticədə Azərbaycanın 1 milyona yaxın kredit kartı daşıyan bank müştərisi pərakəndə ticarət şəbəkəsində oxşar məyusluqla üzləşib. Xatırladaq ki, Mərkəzi Bankın statistikasına görə, 2015-ci ilin sonuna Azərbaycan vətəndaşlarında 1 milyon 89 minə yaxın kredit kartı olub. Ölkədə 2 milyon ailə təsərrüfatının olduğu nəzərə alınsa, orta hesabla ailələrin yarısı bu kartlarla bağlı yaşanan olaydan ciddi zərbələr alıb. Belə ki, pərakəndə ticarətdə nağdsız hesablaşmaların payını artırmaqda əsas rol oynayan bu kartların Azərbaycanda son illərdə müşahidə edilən sürətli yüksəliş dövrü başa çatır.

Konkret olaraq “Bank of Baku” müştərilərinə kredit xətti kimi təqdim etdiyi “Bolkart Grace” kartlarının limitini azaltmağa başlayıb. Bankdan verilən məlumata görə, bununla bağlı müştərilərin mobil telefonlarına mesaj göndərilir və bildirilir ki, son 6 ay ərzində “Bolkart”dan istifadə və ödəniş dərəcəsi yenidən qiymətləndirilib və kart üçün yeni limit müəyyən edilib. Kartdakı məbləğin orta hesabla 50 faiz azaldıldığı bildirilir. Bundan bir qədər əvvəl “Bank of Baku” “Loyallıq layihəsi” çərçivəsində müştərilərinə verdiyi “Dostlar klubu” kartlarından kredit xətti kimi istifadə edilməsinə məhdudiyyət qoymuşdu.

Təkcə “Bolkart” deyil, digər kredit kartlarında da analoji vəziyyət yaranıb. Iri ticarət müəssisələrinin böyük hissəsində bu kartlardan istifadə olunduğu, eləcə də alıcılıq qabiliyyətinin aşağı düşdüyü bir vaxtda bu addımın atılması hansı nəticələr verəcək?

Iqtisadçı-ekspertlər kredit kartlarından imtina olunmasını bankların maliyyə əməliyyatlarının aparılması sahəsində yaranan çətinliklərlə əlaqələndirir. Belə bir vəziyyət bankların çöküşüylə meydana çıxıb. Kredit kartlarının alış-veriş və köçürmələrlə bağlı əhalinin tələbatına cavab verdiyi də şübhəsizdir:

“Görünür, Mərkəzi Bankın xarici valyuta üzərində tətbiq etdiyi məhdudiyyətin də bu məsələyə təsiri var. Yəni burda xarici valyutayla ödəmələrin qarşısının alınması məqsədi var. Nəticə etibarilə kartlarla bağlı problem əhalinin rahatlığını pozacaq. Insanlar sürətli ödəmələrin keçirilməsində problemlə üzləşə bilər. Həmçinin, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi də mümkündür”. azadliq.info/

 

Google+ WhatsApp ok.ru