Kreditlərin 7,2 milyard manatı xarici valyutadadır

Kreditlərin 1 milyard 301,9 milyon manatının ödəmə vaxtı keçib

 
“Marja” xəbər verir ki, bankların müştəriləri devalvasiyaya görə, artan borclarını ödəmək imkanlarının olmadığını bildirirlər.
 
Məlumata görə, kreditlərin xeyli hissəsi tək şəxsiyyət vəsiqəsilə verilən kreditlərdir.
 
Əhali gözləmə mövqeyindədir. Cəmiyyətdə yayılmış söz-söhbətlərə görə, Mərkəzi Bank dolların qalxması nəticəsində vətəndaşların artan kredit yükünü ödəyə bilər. Digər bir iddiaya görə, banklar borcları köhnə məzənə ilə qəbul edə bilərlər. Bu səbəblərdən də, pulu olan bir çox borclular da borcunu qaytarmağa tələsmirlər.
 
Digər bir məlumata görə, banklar da ödəməni gecikdirən müştəriləri ilə əlaqə saxlamaqda da tələsmirlər.
 
Borcların vaxtında ödənilməməsinin bankların maliyyə vəziyyətini daha da pisləşdirəcəyi gözlənilir.
 
01 Noyabr 2015-ci il tarixinə olan məlumata görə, Azərbaycanda kredit qoyuluşları 18 milyard 566.4 milyon manatdır. O cümlədən ev təsərrüfatlarına (istehlak kreditləri) 7 milyard 557,1 milyon manat kredit verilib.
 
“Marja” xəbər verir ki, cəmi 18 milyard 566.4 milyon manat olan kreditlərin 11 milyard 281,7 milyon manatı milli valyutada, 7 milyard 284,7 milyon manatı xarici valyutada olub. Kreditlərin 1 milyard 301,9 milyon manatının ödəmə vaxtı keçib.
 
Noyabrın əvvəlində 1 dollar 1.05 manata bərabər idi. Həmin vaxt xarici valyutada olan 7 milyard 284,7 milyon manatlıq kredit 6,85 milyard dollar edirdi. Bu gün 6,85 milyard dollar 10,6 milyard manatdan çoxdur. Beləliklə, manatın dekabrın 21-dəki devalvasiyasından sonra dollardakı borclar manatda ifadədə 3,4 milyard manat artıb. /
 

Google+ WhatsApp ok.ru