İlin sonunadək yeni devalvasiya olacaq?

Dünya bazarında neftin qiymətinin artıb, azalması fonunda baş verən proseslər demək olar, bütün ölkələrdə narahatlıq doğurur. Təbii ki, bu mənzərə istər neft istehsalı, istərsə də neft idxalı ilə məşğul olan dövlətlərin, o cümlədən Azərbaycanın iqtisadiyyatına və maliyyə bazarına təsirsiz ötüşmür. İndi cəmiyyətdə yaranmış real vəziyyətdə və qarşıdakı aylarda Azərbaycanın milli valyutası ilə bağlı müxtəlif proqnozlar verilir, ilin sonunadək manatın devalvasiyaya uğrayıb uğramaması, ucuzlaşacağı, yaxud bahalaşacağı haqqında müxtəlif fikirlər səsləndirilir. 
 
Bir həftə əvvəl Vyanada Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) Vyanada toplantısı keçirildi. Yekunda təşkilatın hasilat kvotası dəyişməz qaldı, yəni ötən ilin noyabrında keçirilən iclasda hasilatda azalmaya getməmək qərarı verən OPEK 6 aylıq dövr üçün gündəlik orta hesabla 30 milyon barrel hasilat kvotasını saxladı.
 
Ümumiyyətlə, bu kontekstdən yanaşdıqda, manatın gələcək taleyi xoş ovqat vəd edirmi, neftin indiki qiyməti manata qısamüddətli və uzunmüdətli etibarlılıq qazandıracaqmı? "Qara qızıl"ın qiymətinin müxtəlif istiqamətlərdə dəyişməsi fonunda manatın möhkəmliliyi necə olacaq və milli valyuta sabitliyinə təhlükə yarada biləcək əsas səbəblər nə ola bilər? 
 
Maide.az xəbər verir ki, anspress-in bu məsələlərlə bağlı apardığı araşdırmanın nəticəsinə görə, manatın ucuzlaşması bir neçə ay ləngiyəcək və ilin sonuna kimi ciddi dəyişiklik gözlənilmir.
 
Tanınmış iqtisadçı Oqtay Haqverdiyev bildirib ki, manatın məzənnəsi Azərbaycan iqtisadiyyatı üçün neftin qiymətinin aşağı düşüb, qalxmasından asılıdır və biləvasitə ona bağlıdır. Çünki bizim ixracın 93 faizini neft və neft məhsulları təşkil edir. Bu, birinci amildir.
 
İkincisi, bu, Mərkəzi Bankın pul-kredit siyasətindən asılı olan məsələdir. Yəni Mərkəzi Bank pul kütləsini nə qədər çox dövriyyəyə buraxsa, manatın məzənnəsi aşağı düşəcək, yox, əgər, pulu dövriyyədən yığışdırsa, məzənnə bir az yuxarı qalxacaq. Ona görə də bunu balanslaşdırılmış şəkildə saxlamalıdır ki, manatın möhkəmliliyi sabit qalsın. Bunun üçün, ilk növbədə, Mərkəzi Bank öz valyuta ehtiyatlarından istifadə edərək, dövriyyəyə ya dollar, ya da manat buraxmalıdır. Əlbəttə, belə olan halda da balans yaranmır. Bu baxımdan Mərkəzi Bank öz pul-kredit siyasətini apardıqda müəyyən dərəcədə, yəni nə qədər mümükündür bir o qədər optimal məzənnə kursu müəyyənləşdirməlidir.
 
İqtisadçı alim milli valyutanın möhkəmliliyi ilə bağlı proqnoz da verib. Onun sözlərinə görə, bu ilin sonuna kimi indiki sabit vəziyyət olduğu kimi qalacaq. Əgər dünya bazarında neftin qiyməti 50 dollardan aşağı düşərsə, onda ola bilər ki, manatın məzənnəsi 1-2 faiz aşağı düşsün. Məndə olan məlumata görə, Mərkəzi Bank göstəriş verib ki, ölkədə keçiriləcək Avropa Oyunlarını və payız aylarında baş tutacaq parlament seçkilərini nəzərə alaraq ilin sonuna kimi cəmiyyətdə sabitlik məsələsi daha çox prioritet olmalıdır. Ona görə də, proqnozun belədir ki, ilin sonuna kimi manatın məzənnəsi dəyişməyəcək, sabit qalacaq.
 
İqtisadçı ekspert Samir Əliyev isə mətbuata bildirib ki, neftin indiki qiyməti manata qısamüddətli güvənlik verir. Eyni zamanda Mərkəzi Bank inflyasiya təzyiqini azaltmaq üçün manatı dövriyyəyə xəsisliklə buraxır. Ona görə də, hələ manatın məzənnəsində güclü dəyişmənin baş verməsi gözlənilmir. Kəskin ucuzlaşma və ya kəskin bahalaşma ehtimalı azdır. Böyük ehtimalla bu ilin payızına qədər 1 dollar 1.03 -1.06 manat çərçivəsində saxlanacaq. Neft 70 dollar həddini keçərsə, manat bir az da güclənə bilər. Ancaq neftin qiymətinin ucuzlaşması və kapital axını probleminin qalması, üstəlik dövriyyədə manat kütləsinin artması inflyasiyanı gücləndirməklə yanaşı, manatı zəiflədə bilər. Bir sözlə, manat qısamüddətli sabitlik qazanıb.
 
O.Haqverdiyev "qara qızıl"ın qiyməti qalxaraq 70-80 dollar olarsa, nə baş verər" sualına isə cavabında diqqətə çatdırıb ki, belə olarsa, manatın məzənnəsi güclənəcək: "Amma mən bir iqtisadçı kimi, buna yol verilməsinin tərəfdarı deyiləm. Manat güclənməməlidir. Çünki manatın güclənməsi müəyyən dərəcədə idxalı stimullaşdırır. Yəni, bu, o deməkdir ki, dolların Azərbaycandan kənara axını başlayır. Ona görə sabit qalması daha əlverişlidir." 
 
Beləliklə, yaxın dövrdə manatın sabitliyinə təhlükə yarada biləcək əsas səbəblər neftin qiymətinin yenidən 50-55 dollara və daha aşağı düşməsi və bunun yarım il davam etməsi, eləcə də dollara tələbat yaradacaq likvid manat kütləsinin yoxluğu ola bilər.
 
Lkin Beynəlxalq Valyuta Fondu (BVF) bu ehtimalın üzərindən xətt çəkib. Belə ki, qurumun Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi deyib ki, Azərbaycanda növbəti dəfə devalvasiya olacağı gözlənilmir. Çünki dövlətin valyuta ehtiyatları sabitləşdiyinə görə, növbəti devalvasiya baş tutmayacaq. Neftin qiyməti 50 dollara düşməsi belə devalvasiyaya səbəb olmayacaq. Çünki gələn ilin büdcəsində neftin qiymətinin 50 dollar götürülməsi nəzərdə tutulur.
 
Xatırladaq ki, hazırda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,2 dollar ucuzlaşaraq 62,45 dollardır. 
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar ucuzlaşaraq 58,53 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,56 dollar azalaraq 62,75 dollar təşkil edir.

Google+ WhatsApp ok.ru