Litva yeni ildən avroya keçir

Litva 2015-ci il yanvarın 1-dən avroya keçir.
 
Avrozonaya 18 ölkə daxildir, Litva da daxil olduqdan sonra bu ölkələrin sayı 19-a çatacaq.
 
Avrozonaya üzvlük məsələsində siyasi qərarla yanaşı iqtisadi kriteriyalar da nəzərə alınıb. Belə ki, müraciət edən ölkədə büdcə kəsiri 3 faizi keçməməlidir, daxili borcları ÜDM-ə nisbətdə 60 faizdən çox olmamalıdır.
 
Avropa Statistika Ofisinin (“Eurostat”) göstəricilərinə görə, 2013-cü ilə Litvanın büdcə kəsiri 2,6 faiz, daxili borcların ÜDM-ə nisbəti 39 faiz, inflyasiya səviyyəsi isə 1,2 faiz olub. Əhalisi 2,9 milyon nəfər olan bu ölkədə adambaşına düşən milli gəlir təxminən 11700 avrodur.
 
Qeyd edək ki, 1999-cu ildə yaradılmış avrozonaya Almaniya, Fransa, İtaliya, İspaniya, Niderland, Belçika, Portuqaliya, Avstriya, Finlandiya, İrlandiya və Lüksemburq daxil olub. 2001-ci ildə Yunanıstan, 2007-ci ildə də Sloveniya, 2008-ci ildə Kipr və Malta, 2009-cu ildə Slovakiya, 2011-ci ildə Estoniya, 2014-cü ilin yanvarında isə Latviya qoşulub.
 
Güman olunur ki, Litvadan sonra avrozonaya daxil olmaq istəyən ölkələr arasında Çexiya və Polşa da yer alacaq.

Google+ WhatsApp ok.ru