Ölkə bankları 6.4 milyard dollar borca girib?

Oqtay Haqverdiyev: «Mən bu rəqəmi şübhə altına alıram»

Xəbər verildiyi kimi, Mərkəzi Bankın maliyyə sabitliyi üzrə hesabatı açıqlanıb.  Hesabatda bildirilib ki, 31.03.2015-ci il tarixinə bank sektoru üzrə kredit portfelinin 5.9%-ni qeyri qənaətbəxş və təhlükəli kreditlər təşkil edib. AMB-nin tələblərinə əsasən bu növ kreditlər üzrə müvafiq olaraq 30% və 60% ehtiyat yaradılmalıdır. Mümkün şokların bank kreditlərinin keyfiyyətinə təsirinin qiymətləndirilməsi məqsədilə qeyri-qənaətbəxş və təhlükəli kreditlər üzrə defolt əlaməti olaraq 100% ehtiyat yaradılması simulyasiya edilib. Qiymətləndirmənin nəticələrinə əsasən, bank sektoru ümumilikdə bu şoka davamlı hesab edilib: sektor üzrə kapital adekvatlığı əmsalı faktiki 17.3%-dən 14.7%-dək azala bilər. 
Likvidlik riskinə görə, 31 mart 2015-ci il tarixinə Azərbaycan bank sektorunun xarici borcunun qalıq məbləği 6.4 mlrd. manat və ya cəmi öhdəliklərin 22%-ni təşkil edib. Qeyd edilib ki, AMB tərəfindən bank sektorunun xarici bazarlardan vəsait cəlbetmə qabiliyyətinin pisləşməsinin simulyasiyası həyata keçirilib. Bu məqsədlə “rollover” əmsalının müxtəlif hipotetik səviyyələrinə uyğun olaraq sektor üzrə likvidlik tələbi12 və likvidlik izafiliyi/defisiti13 hesablanıb.
Turan-ın məlumatına görə, aprelin 1-i üçün bank sektorunun xarici borcu 6.4 mlrd. dollar olub ki, martda onun təkrar maliyyələşmə əmsalı 89% təşkil edib. Bu rəqəmin 2009-cu ildən 2014-cü ilin sonuna kimi 150% olduğu da qeyd edilib. Məlumatda həmçinin  bildirilib ki, yerli banklar təkrar maliyyələşməyə davamlıdır və xarici borcu ödəmək üçün xarici valyuta ilə yetərincə likvid aktivləri var.
İqtisadçı-ekspert Oqtay Haqverdiyevin "Azadlıq"a bildirdiyinə görə, 6.4 milyard dollar əslində, düzgün rəqəm deyil.   Ekspertə görə bu, xarici deyil, daxili borc ola bilər. Kommersiya banklarının xarici banklara olan borcları var ki, bunu da tez gedib qayıdan borclar adlandırmaq olar. Ekspertə görə kommersiya bankları xaricdən 8 faizlə borc alaraq kreditə verir və proses il boyu bu formada davam edir. Yəni uzun müddətə borc götürülmür və bir neçə ay müddətinə alınır və geri qaytarılır:
“Mən bu rəqəmi şübhə altına alıram, çünki 6.4 milyard dollar böyük rəqəmdir. Ölkənin kredit portfeli heç bu qədər deyil. Əhali bu qədər kredit istəsə belə, bu qədər vəsait tapmaq olmaz. Bu qədər borcun yaranması mümkünsüzdür.  Bu rəqəm niyə görünmür? Bir il, 6 aya bu qədər vəsait toplana bilməz. Kommersiya banklarının aldığı vəsait adətən, bir ildən o tərəfə keçmir. Uzun müddətlə orta müddətin faizi tamam başqadır. Bizim kommersiya banklarımız xaricdən kredit götürəndə çalışırlar ki, onu tez dövriyyəyə buraxsınlar və vəsaiti tez qaytararaq çox faiz verməsinlər. Lakin təkrar edirəm, 6 milyard böyük rəqəmdir və bunun təyinatı dəqiqləşdirilməlidir”.

Google+ WhatsApp ok.ru