Ölkənin maliyyə sektoru ağır vəziyyətdədir

Qadir İbrahimli: «Bu sahədə əsas problem müəssisələrin qarşılıqlı borclanmaya getməsidir»

Dünya Iqtisadi Forumu tərtib etdiyi illik “Global Competitiveness Report 2015-2016″ hesabatında Azərbaycanın hazırkı şəraitdə uzunmüddətli artımı təmin etmək üçün öz iqtisadiyyatını şaxələndirməli olmasını qeyd edib. Hesabatda bildirilib ki, xammal məhsullarının qiymətinin nisbətən ucuz olacağının gözlənildiyi bir vaxtda diversifikasiya və bazar siyasətinin reallaşdırılması uzunmüddətli artıma nail olmaq üçün xüsusilə vacibdir.
 
Hesabat müəlliflərinin rəyinə görə, Azərbaycan gələcək inkişafında iki əsas məsələ ilə qarşı-qarşıya durur. Bunun birincisi korrupsiyanın biznesin aparılması üçün ən problemli amil olaraq qalması, ikincisi, ölkənin maliyyə sektorunun hələ kifayət qədər inkişaf etməməsidir. Hesabatı hazırlayanlar bunun iqtisadiyyatın şaxələndirilməsi üçün özəl investisiyalara ehtiyac duyan ölkə üçün böyük problem olduğunu vurğulayıblar.
 
Iqtisadçı-ekspert Qadir Ibrahimli söyləyir ki, korrupsiya elementi hələ də bu istiqamətdəki inkişafda əsas əngəl olaraq qalmaqdadır. Ölkənin maliyyə sektorunun inkişaf etməməsi məhz korrupsiya amiliylə  bağlıdır. Iri dövlət müəssisələrində dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təmin edən dövlət və özəl şirkətlərin qarşılıqlı borc problemi var ki, onun məbləği az qala dövlət büdcəsinin yarısına bərabərdir:
 
“Həmin borclar bir çox hallarda silinir. Təbii ki, belə bir şəraitdə bank sisteminin normal inkişafından danışmaq olmaz. Çünki bu, kifayət qədər ciddi problemdir. Maliyyə sektorunun əsas problemi qarşılıqlı hesablaşmalarda olan problemlər, müəssisələrin qarşılıqlı borclanmaya getməsidir. Həmin borclanma da əksər hallarda sözügedən sektorun tənəzzülünə səbəb olur”.

Google+ WhatsApp ok.ru