Ölkəmiz neftdən 1 saniyədə nə qədər qazanır? - Hesabat

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə yeni standartın tələblərinə uyğun hazırlanmış Azərbaycan Respublikasının 2013-cü il üzrə MHŞT Hesabatına dair Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının Rəyinin təqdimatı ilə bağlı dəyirmi masa keçirilib.
 
Tədbiri giriş sözü ilə koalisiyanın əlaqələndiriçisi Əlimməməd Nuriyev açıb:
 
" 2004-cü ildən bəri MHŞT hesabatlarını açıqlamasına rəğmən, 2013-cü il hesabatı ölkəmizin Beynəlxalq MHŞT-nın 2013-cü il mayın 25-də Sidneydə keçirilən qlobal konfransında qəbul edilən MHŞT standartı əsasında Beynəlxalq MHŞT İdarə heyətinin müəyyən etdiyi qrafikə uyğun olaraq hazırladığı birinci hesabatdır. Hesabat Azərbaycanda MHŞT üzrə çoxtərəfli qrupun sifarişi və müvafiq müqaviləsi əsasında "Moore Spethens - Azerbaijan" şirkəti tərəfindən hazırlanmış və 31 dekabr 2013-cü il tarixində başa çatan maliyyə ilini əhatə edir. Koalisiyaya 135 təşkilat və bir neçə fiziki şəxs daxildir".
 
Daha sonra koalisiyanın üzvü iqtisadçı-ekspert Azər Mehdiyev hesabatın səciyyəvi xüsusiyyətləri haqqında danışıb. O, çıxışı zamanı hökumət və mədən sənayesi arasında dialoq formalaşdığını deyib.
 
Budəfəki hesabatda yalnız şirkətlərin hökumətə ödədikləri vergilər yox, həmçinin lisenziyanın verilməsi qaydaları da öz əksini tapıb. Hesabatın önəmini vurğulayan Dövlət Neft Fondunun şöbə müdiri Fərid Fərzəliyev bu hesabatın daha geniş xarakter daşıdığını söyləyib. (İlk hesabat 9 səhifə olduğu halda bu, yüz səhifədən daha artıq olub)
 
 
 
"Bu yalnız hesabat hökumətin işi deyil. Bu vətəndaş cəmiyyəti ilə bərabər hökumətin qarşılıqlı əlaqələrinin nəticəsidir. Biz əminik ki, bu hesabatda yer alan tövsiyələr nəzərə alınacaq və yerinə yetiriləcək. 2013-cü il hesabat rəyi çox önəmlidir və hökumət tərəfindən müsbət qarşılanıb", - Fərzəliyev deyib.
 
 
 
Qeyd edək ki, tədbirin sonunda Azərbaycanın neft sənayesi üzrə statistik məlumatlar diqqətə çatdırılıb. Ölkəmizin neftdən 1 saniyədə 543 dollar , 1 dəqiqədə 32 580 dollar gəlir əldə etdiyi açıqlanıb.

Google+ WhatsApp ok.ru