Ölkə qıtlıq və bahalaşma ərəfəsində

Neftin qiymətinin düşməsindən sonra Azərbaycanda artan iqtisadi çətinliklər ölkə mediasının əsas gündəmini tutur.
 
«İdxalın fantastik həddə azalması böhranı daha da dərinləşdirəcək».
 
«Azadlıq» qəzeti belə yazır. Bunu «ölkənin qıtlıq və bahalaşma ərəfəsində olması» kimi dəyərləndirir...
 
Qəzet Dövlət Gömrük Komitəsinin sədr müavini Mirqasım Vahabova isnadən bu ilin yanvarında idxalın 65-70 faiz azaldığı barədə açıqlama verir. Komitə sədrinin müavini bu il ölkə idxalının 5 milyard dollardan artıq olmayacağını deyib: «Artım olarsa, komitə vergi və rüsumları toplayıb dövlət büdcəsinə köçürəcək» deyə M.Vahabov bildirib.
 
Bu qəzetdə öz fikirlərini bölüşən ekspertlər isə hesab edirlər ki, komitə öhdəliyini yerinə yetirə bilməyəcək.
 
Ekspertlər bu azalmaya bir neçə səbəb göstərirlər. Onlar deyirlər ki, bunun səbəblərindən biri devalvasiyadan sonra xeyli sayda ticarət obyektlərinin fəaliyyətini dayandırmasıdır: «Lakin bunu da nəzərdən qaçırmaq olmaz ki, ölkədə idxal sahəsi oliqarxların nəzarətindədir. Hansısa sıradan bir sahibkarın ölkəyə məhsul gətirməsi, idxal mafiyasının razılığı olmadan mümkün deyil» - deyə qəzetin ekspertləri vurğulayır.
 
Qəzetə görə, büdcəyə daha 2 milyard cəlb olunması ilə bağlı bu komitənin də öhdəliyi var. Bu açıqlama ilə hökumətə üzərinə düşən öhdəliyi yerinə yetirə bilməyəcəyinin bəri başdan mesajını verir.

Google+ WhatsApp ok.ru