«Ölkədən kapital axını azalıb»

«Ölkədən kapital axını azalıb»

-- Kapital axını ölkə üçün ən kəskin problemlərdən biridir

«Exo» qəzetində «Azərbaycan ölkədən kapital axınını dayandırıb?» sualı gündəmə daşınıb.
 
Yazıda ölkədən kapital axını mövzusu ekspert Fuad Əlizadə ilə təhlil edilib. F.Əlizadə deyib ki, Azərbaycandan kapital axını makroiqtisadi göstəricilərlə bağlıdır və son 3 ildə ölkədə iqtisadi vəziyyət qeyri-sabit haldadır. Onun vurğulamasına görə, bu səbəbdən vətəndaşların bir qismi qanuni və ya qanunsuz şəkildə pullarını ölkədən çıxarıblar:
 
«Kapital axını ölkə üçün ən kəskin problemlərdən biridir. Son üç ildə isə daha kəskin olub. Xüsusilə 2015-2016-cı illərdə ölkədən daha çox kapital çıxarılıb».
 
Mövcud durumu dəyərləndirən F.Əlizadə bildirib ki, indi nisbi də olsa, xaricə kapital axınında azalma var:
 
«Yaxın illərdə ölkədən xaricə kapital axınının azalacağı gözlənilir. Səbəb də hətta bazar qanunlarına uyğun olmasa da belə, manatın məzənnəsinin sabitləşməsidir. Amma manata etimadın tamamilə bərpasından danışmaq hələ tezdir. Hər halda manatı xarici valyutaya çevirənlərin sayında azalma müşahidə edilir. 2015-2016-cı illərdəki kütləvi axın yoxdur».
 
Ekspert hesab edir ki, irihəcmli beynəlxalq layihələrin reallaşması ilə bağlı imzalanan sazişlər də ölkədən kapital axınının azalmasına səbəb ola bilər.
 
F.Əlizadə vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı başlanğıc mərhələdədir, hələ böyük uğurlar qarşıdadır.
 
Ekspert bildirib ki, Azərbaycan vətəndaşları pullarını, əsasən, Gürcüstana, Türkiyəyə, Rusiyaya yönləndirirlər. Onun fikrincə, inzibati yollarla bu kapital axının qarşısını almaq mümkün deyil. Əsas məsələ ölkədə cəlbedici biznes-mühitinin yaradılmasıdır.(contact.az)
 

Google+ WhatsApp ok.ru