Ölkə səhiyyəsi niyə `axsayır`

Ölkə səhiyyəsi niyə `axsayır`

-- Nəticədə region sakinlərini müalicə üçün Bakıya göndərməyə başladılar

"Exo" qəzetində diqqəti "Səhiyyə Azərbaycan üçün sonuncu növbədədir?" sərlövhəli məqalə cəlb edir.
 
Müəllif Azərbaycanda səhiyyənin və tibbi xidmətin vəziyyətini, icbari tibbi sığortanın tətbiq olunmamasını ekspertlərlə müzakirəyə çıxarır.
 
Müəllif vurğulayır ki, rəsmi olaraq ölkədə tibbi xidmətin pulsuz olduğu deyilir, amma reallıqda belə deyil: "Dövlət balansında olan xəstəxanaya ayaq basdıqda dərmanlardan tutmuş sanitar və tibb bacıları xidmətinə qədər hamını "görməlisən". Özəl xəstəxana və tibb mərkəzlərində pulu kassaya ödəməlisən, amma məbləğ o həddədir ki, bu məbləğin yanında ölkədəki yaşayış minimumu, minimum pensiya və ya maaş görünmür, onları dəfələrlə üstələyir".
 
Müəllif deyir ki, belə durumda vətəndaş köməksiz qalır və dövlət tərəfindən hər hansı dəstək ala bilmir.
 
"Ölkənin səhiyyə sistemində qəribə hallar baş verir, tibbi sığorta tətbiq edilməyib və məlum deyil ki, nə zaman tətbiq ediləcək. Amma məsələ həll edilməlidir və onun yolu təbii sığortanın tətbiqindən keçir". Bu şərhi isə qəzetə ekspert Natiq Cəfərli verib.
 
N.Cəfərli deyir ki, Azərbaycanda başqa yol ilə gedilərək tibbi sığortanın tətbiqi üçün pilot regionlar seçiblər və demək olar ki, layihə baş tutmayıb: "Bu, ona görə baş verib ki, regionlarda lazımi avadanlıqlar yoxdur, Bakıdakı xidmətlər təklif olunmur. Nəticədə region sakinlərini müalicə üçün Bakıya göndərməyə başladılar. O zaman bu pilot layihələrin mahiyyəti nədir?".
 
Ekspertə görə, tibbi xidmətə əlçatanlıq problemini həll etmək çox sadədir və bunun üçün ya tibbi sığorta tətbiq olunmalı, ya da ölkənin səhiyyə sistemini inkişaf etdirmək üçün ayılan vəsaitlər çoxaldılmalıdır.
 
N.Cəfərli deyir ki, hazırda Azərbaycanda dövlət büdcəsindən 3% vəsait ayrılır, halbuki, inkişaf edən ölkələrdə bu 10%-ə bərabərdir ki, bu da 3 dəfə çox vəsait deməkdir.
 
Ekspert vurğulayır ki, beynəlxalq qurumların tədqiqatlarına görə, Azərbaycanda tibbi xidmətin 70%-ni əhali, ancaq 30%-ni dövlət ödəyir, amma tibbi sığorta sistemi işə düşərsə qiymətin vətəndaş üşün əhəmiyyəti olmayacaq. belə ki, o, öz cibindən heç nə ödəməyəcək.
 
Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da hesab edir ki, səhiyyəni əlçatan edə bilmək üçün səhiyyəyə ayrılan vəsait artırılmalıdır. E.Məmmədova görə, hər şey indiki halında qalsa, hər hansı dəyişiklik baş verməyəcək, odur ki, dövlət büdcəsindən səhiyyəyə vəsaitlərin xüsusi çəkisi artmalı, ikincisi isə tibbi sığorta sistemində islahat olmalıdır.
 
Ekspert Nəriman Ağayevə görə, bəlkə də Azərbaycanda icbari tibbi sığorta özünü doğruldar, amma onun korrupsioner məmurlar üçün "yem" mənbəyinə dönməsi riski də böyükdür.
 

Google+ WhatsApp ok.ru