Məmurlarımızın “Maqnitski siyahısı”na düşəcəyi nə dərəcədə realdır?

XİN: “Rəsmi münasibətlər kontekstində belə məsələlər gündəmdə deyil”

“Mən Prezident İlham Əliyevlə bütün görüşlərimdə insan haqları məsələsini qaldırmışam və bundan sonra da qaldıracağam”. Bu sözləri “Amerikanın səsi”nə ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü, Helsinki Komissiyasının sədri Kristofer Smit deyib. 

 
O, Bakıda artıq iki dəfə olduğunu və bu səfərlərdə insan haqları məsələsinə xüsusi diqqət ayırdığını bildirib. O cümlədən, iyulda Osloda keçiriləcək görüşlərdə Azərbaycan nümayəndə heyəti ilə bu məsələni müzakirə etməyi planlaşdırdığını deyib. Azərbaycanda vüsət alan həbslər və repressiya dalğasına mümkün cavab variantları haqda danışan Smit Qlobal Maqnitski Aktı qəbul olunduğu təqdirdə bunun insan haqlarını pozan Azərbaycan rəsmilərinə şamil oluna biləcəyini vurğulayıb.  
 
“2004-cü ildə Belarus Demokratiya Aktının müəllifi mən olmuşam. Həmin qanuna əsasən Aleksandr Lukaşenko hökumətinin 200 rəsmisinə Amerikaya gəlmək qadağan olunub. Avropa rəsmiləri də oxşar qadağalar tətbiq ediblər. Qlobal Maqnitski Aktına əsasən hər ölkə üzərində ayrıca təhlil aparılacaq və bu qanuna uyğun olaraq insan haqları pozuntularında iştirak etmiş adamlara ABŞ-a gəliş qadağan ediləcək” deyə, konqresmen bildirib. 
Qeyd edək ki, Azərbaycan hökumətində təmsil olunan və insan haqlarını məhdudlaşdırmaqda ittiham olunan bəzi məmurlara qarşı Avropa və ABŞ-a giriş yasağı, o cümlədən digər məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı məlumatlar daha əvvəl də yayılıb. Ancaq bir çoxlarına görə, hazırda insan hüquqları və demokratiya məsələlərində ciddi problemlər olsa da, Qərb dövlətləri enerji və təhlükəsizlik məsələlərində yaxından əməkdaşlıq etdiyi rəsmi Bakıya qarşı sərt addımlar atmaq istəmir. Ancaq son aylarda vəziyyət daha da gərginləşib və qarşılıqlı ittihamlar mərhələsinə qədəm qoyub. İndi isə ABŞ qanunverici orqanında təmsil olunan şəxs Bakıya qarşı açıq şəkildə mesaj yollayır. 
 
Əcəba, Bakı üçün indiki vəziyyətdə bu qadağalar realdırmı? Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, hazırda iki ölkənin rəsmi münasibətlərində bu kimi mövzular müzakirə olunmur. XİN sözçüsü Hikmət Hacıyevin fikrincə, hazırda bu məsələ gündəmdə deyil. Sitat: “Rəsmi münasibətlər kontekstində belə məsələlər hazırda gündəmdə deyil”.
 
Politoloq Arzu Nağıyev isə "Yeni Müsavat"a deyib ki, bu cür qadağalar gündəmə gətirilsə də, onların qanun olaraq qəbul olunması indi real deyil: “”Maqnitski siyahısı" Rusiya məmurlarına qarşı deyil, vəkilin istintaqını və ümumiyyətlə həbsini qanunazidd apardıqları hüquq-mühafizə orqanları əməkdaşlarına tətbiq edildi. Sonradan iqtisadi sanksiyalar və s. tətbiq ediləndə də onun adı “Maqnitski siyahısı” kimi qaldı. Azərbaycan-ABŞ münasibətlərinin indiki durumuna gəldikdə isə QHT-lər və media səviyyəsində baş verənlər hələ dövlət səviyyəsində gərginlik demək deyil, məhz buna görə də düşünmürəm ki, Vaşinqton tərəfindən belə bir addım atıla. Bu gün Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq davam edir. Bizim Qərblə münasibətlərimizi Belarusla müqayisə etmək düzgün deyil. Çünki Belarus məsələsində konkret faktlar var idi və Avropa bunun lehinə idi. Bu baxımdan düşünürəm ki, bu cür qadağalar gündəmə gətirilsə də, qanuni qüvvəyə minməsi mümkün deyil".

Google+ WhatsApp ok.ru