Məmur komfortuna və korrupsiyaya qurban gedən milyardlar

Camaat vergi cərimələrinə görə obyektlərini bağlayır, hökumət isə Vergilər Nazirliyinə 132 milyonluq bina tikir

Ölkədə ağır sosial-iqtisadi vəziyyət hökm sürür. Hətta ölkə başçısı da etiraf edib ki, gələn il asan olmayacaq. Neftin qiymətinin kəskin şəkildə ucuzlaşması ölkəyə maliyyə axınının minimuma endirib və bu da valyuta ehtiyatlarının azalmasına gətirib çıxarıb.
 
Bunun nəticəsidir ki, büdcədə 5 milyard azalma oldu, idxal-ixrac proseslərində eniş müşahidə edildi və hökumət sahibkarlara yüksək vergi cərimələri tətbiq etməklə vəziyyətdən çıxmağa çalışır. Üstəlik, bu il lüzumsuz layihələrin ixtisara salınması, prioritet təşkil etməyən xərclərin azaldılması nəzərdə tutulub.
 
Amma belə ağır vəziyyətdə də hakimiyyət milyonları havaya sovurmaqdan, tikinti adı altında dövlət büdcəsini mənimsəməkdən və şəxsi komfortdan imtina etmir. Belə ki, Vergilər Nazirliyi “Renaissance Construction Azerbaican” MMC ilə Bakı şəhəri, Heydər Əliyev prospekti 105 ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində 31 mərtəbəli inzibati binasının tikinti işlərinin satın alınması barədə müqavilə imzalayıb. Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, müqavilənin qiyməti 132 mln 121 min 681,9 manatdır.
 
Maraqlıdır ki, bu, Vergilər Nazirliyi ilə “Renaissance Construction Azerbaican” MMC arasında ictimaiyyətə məlum olan ikinci müqavilədir. Ilin əvvəlində nazirlik məlumat vermişdi ki, bu subyektlər arasında Vergilər Nazirliyinin inzibati binasının ikinci mərhələsinin tikintisi üzrə müqavilə bağlanılıb (http://goo.gl/ukUzKT). Müqavilənin qiyməti 18 mln 499 min 719 manat idi. 2013-cü ildəÿ Vergilər Nazirliyi “Aikon Cpit” MMC ilə bu layihə üzrə 20 mlnÿ796ÿmin 670 manat məbləğində müqavilə bağlayıb.
 
Qısası, Vergilər Nazirliyinin inzibati binasının tikintisinə daha 132 milyon manat xərclənəcək. Həqiqətən də olduqca absurd vəziyyətdir. Kütləvi ixtisarların start götürdüyü, sosial vəziyyətin ağırlaşdığı bir dönəmdə belə layihələr üçün küllü miqdarda pul xərcləməyə dəyərmi?
 
Bundan öncə Neft Şirkətinə, Maliyyə Nazirliyinə, “Azərsu”ya və digər qurumlara dəbdəbəli binalar tikdilər. Ancaq bu qurumların əvvəlki ünvanları da kifayət qədər dəbdəbəli və standartlara cavab verən idi. Təsəvvür edin ki, bu lazımsız tikililər üçün sərf olunan vəsaitlə 1000-lərlə evsiz ailəni evlə təmin etmək olardı. Yadımızdadır ki, Bakının mərkəzində yerləşən 20 saylı məktəb 2 dəfə təmir olunduqdan sonra söküldü və məktəbin yenidən tikintisi üçün büdcədən 15 milyon manat ayrılıb, hələlik… Göründüyü kimi, bütün vasitələrdən istifadə edərək dövlətin milyonlarını mənimsəməklə məşğuldular.
 
Indi isə rəsmi şəkildə böhran etiraf olunur, vəziyyətin ağırlaşacağının proqnozu verilir və Vergilər Nazirliyi üçün 132 milyona bina tikilir. Indiki reallıqda belə addımın atılması, maliyyə xəyanətidi və vəziyyəti daha da pisləşdirməkdi. Sanki, məqsədli şəkildə ölkəni uçurumun dibinə sürükləyirlər. Bugünə qədər lazımsız tikililərə xərclənən vəsaitin həcmi Azərbyacanın hazırki büdcəsindən çoxdur.
 
Bir daha aydın olur ki, bu hakimiyyət üçün vətəndaşın taleyi qətiyyən önmə daşımır və ən böhranlı vəziyyətdən də ciblərini doldurmaq üçün istifadə edirlər.(Azadlıq)

Google+ WhatsApp ok.ru